Şahin Diniyev söz verdi: Nəticələr özü gələcək – MÜSAHİBƏ
13.12.2013 - 13:49
Şahin Diniyev söz verdi: Nəticələr özü gələcək – MÜSAHİBƏ
“Rəvan” klubunun baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XVIII turunda “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Yəqin ki, təbii meydançada oynayacağınızı və ot örtüyünün yaxşı olmayacağını nəzərə alaraq, matça bir qədər fərqli hazırlaşırsınız...
- Bu məqamları göz önünə almışıq. Elə ona görə də, təbii ot örtüyündə məşq keçirik. Yeri gəlmişkən, Suraxanıda Tofiq İsmayılov adına stadionda hazırlıq keçmək üçün bizə şərait yaradan “Qarabağ” rəhbərliyinə təşəkkür edirəm. Məlum səbəblərdən komandada ruh düşkünlüyü vardı. Futbolçularla söhbətim oldu, müəyyən tövsiyələrimi çatdırdım. Hazırda hər şey yaxşıdır, “Xəzər Lənkəran”la səfər oyununa köklənmişik.

- Rəqib komandanın da müəyyən problemləri var. “Xəzər Lənkəran”dakı baş məşqçi dəyişikliyi lehinizə, yoxsa əleyhinizə olan amildir?
- Baş məşqçi dəyişikliyi hər zaman komandaya yeni nəfəs gətirir. Komanda Mustafa Dənizlinin rəhbərliyi altında kubokda inamlı qələbə qazanıb, çempionatda “İnter”lə bərabərə qalıb. Məncə, pis nəticə deyil. Bizimlə görüşdə də qələbə üçün oynayacaqlar. “Xəzər Lənkəran” da bizim kimi çətin günləri arxada qoymağa çalışan bir klubdur. Hava şəraiti imkan versə, maraqlı bir oyun alınacağını düşünürəm.

- “Rəvan” rəhbərliyiniz altında Premyer Liqada 7 oyun keçirsə də, qalib gələ bilməyib. Belə olacağını öncədən təxmin edirdiniz?
- Məni nələrin gözlədiyini bilirdim. Mənim üçün əsas olan komandanı sistemə uyğunlaşdırmaqdır. İnanın mənə, bu proses tamamlandıqdan sonra nəticələr özü gələcək. Düzdür, hələlik qələbə qazana bilmirik. Lakin oyundan oyuna inkişaf etdiyimiz göz önündədir. Müəyyən çatışmazlıqlar var və biz bunu bilirik. Onu da bilin ki, “Rəvan” zəif oynadığı üçün uduzmayıb. Çətinlikləri arxada qoyacağımıza əminəm. Seçdiyimiz istiqamət düzgündür.

- “Rəvan”ın heyəti əksər rəqiblərlə müqayisədə zəifdir. Sizcə, komandanın hazırda 9-cu pillədə qərarlaşması qanunauyğundur?
- Keçirdiyimiz 7 oyunda göstərdiyimiz futbola baxsaq, qanunauyğun deyil. Lakin ümumilikdə çempionata nəzər saldıqda, 9-cu sırada olmağımız reallığı əks etdirir. Lakin çempionatı daha yaxşı pillədə başa vuracağımıza inanıram.

- Yəni, “Rəvan”ın elitada mövqeyini qorumaq baxımından çətinlik çəkəcəyini düşünmürsünüz?
- İndidən nəsə demək çətindir. Bu cür düşünüb, arxayınlaşmaq istəmirik. Qış fasiləsində komandanı daha da gücləndirəcəyik. Burada söhbət təkcə yeni transferdən getmir. Yaxşı, düzgün təşkil edilmiş hazırlıq prosesi bundan da önəmlidir.

- İstənilən komandanın uğursuz nəticələr əldə etməsi müəyyən söz-söhbətlərə yol açır. Bu, sizin üçün əlavə problem yaratmır ki?
- Klubun vitse-prezidenti ilə aramızda problem olduğu yönündə xəbər yayırlar. Kim nə deyir, nə yazır özü bilər. Bircə onu deyim ki, nə mən, nə də Bəhruz Şirəliyev o tərbiyənin yeyəsi deyilik. Bu cür şeylər yazanda diqqətli olmaq lazımdır. Söhbət bir insanın imicindən, şəxsiyyətindən gedir.

- Çempionatda durumunuz yaxşı olmasa da, “Rəvan”ın Azərbaycan kubokunda mübarizəni davam etdirir. Bu amil qış fasiləsində transfer çalışmalarınıza nə dərəcədə təsir edəcək?
- Qışda dəyişikliklər olacaq. Kimin qalıb, kimin gedəcəyi barədə indidən dəqiq bir söz deyə bilmərəm. Bəli, ölkə kubokunda uğur qazanmaq və Premyer Liqada qalmaq “Rəvan”ın hədəfidir. Lakin bizim başlıca məqsədimiz növbəti mövsüm üçün mükafatlar uğrunda mübarizə aparacaq komanda qurmaqdı. İşimizi buna uyğun quracağıq. Yəni, hansısa oyunçunu 6 ay oynatmaq üçün almağı düşünmürük. Ona görə də, maksimum diqqətli olmalıyıq. Bizə planlarımızı həyata keçirtməkdə köməklik edən oyunçular lazımdır. “Rəvan”ın komandanın özəyini təşkil edəcək oyunçulara ehtiyacı var.

ŞAMO