Çempionlar Liqası: “Qalatasaray”ın rəqibi kim olacaq?
13.12.2013 - 15:50
Çempionlar Liqası: “Qalatasaray”ın rəqibi kim olacaq?
Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan Türkiyənin “Qalatasaray” klubunun növbəti rəqibinin kimliyinə qismən aydınlıq gəlib. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Cim Bom”un Pireney təmsilçisi ilə qarşılaşmaq ehtimalı azdır.

“Qalatasaray”ın 1/8 finalda qrup mərhələsini lider kimi tamamlayan “Barselona”, “Atletiko”, “Bavariya”, “Borussiya”, “Çelsi”, “Mançester Yunayted” və ya PSJ ilə üzləşə bilər. Türkiyə təmsilçi ilə birgə B qrupunda yer alan və növbəti mərhələyə lider kimi yüksələn “Real” isə Roberto Mançinin komandasına rəqib ola bilməz.

İlk baxışdan 7 komandanın hər birinin “Qalatasaray”la düşmək şansı eyni görünsə də, vəziyyət fərqlidir. Belə ki, qaydalara əsasən, eyni qrupdan çıxan komandalarla yanaşı, eyni ölkələri təmsil edən klublar bir-birinə rəqib ola bilməz.

Yəni, I səbətdəki 2 Almaniya və 2 İngiltərə klubu ilə II səbətdəki 2 Almaniya və 1 İngiltərə klubu bir-biri ilə düşməyəcəklər. Bu da püşkatma zamanı hər iki səbətdəki komandaların şanslarına təsir edir.

Hesablamalara əsasən, “Qalatasaray”ın “Barselona”, “Atletiko”, və PSJ ilə qarşılaşmaq ehtimalı 10.266 faizdir. “Bavariya”, “Borussiya”, “Çelsi” və “Mançester Yunayted” də isə bu göstərici 17.301 faiz təşkil edir. Bu isə o deməkdir ki, 69 faiz “Qalatasaray”ın qismətinə Almaniya və ya İngiltərə təmsilçisi çıxacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü dekabrın 16-da İsveçrənin Nyon şəhərində atılacaq.