Vaqif Cavadov: Məni ruhdan salmaq istəyirdilər - MÜSAHİBƏ
13.12.2013 - 15:53
Vaqif Cavadov: Məni ruhdan salmaq istəyirdilər - MÜSAHİBƏ
Milli komandamızın və “İnter”in futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”a ikinci qayıdışınızda qol vurmaq baxımından susqunluq yaşadınız. Bəs birdən-birə nə dəyişdi ki, “İnter”də artıq 8 qol vurub, bombardirlik edirsiniz?
- Mən hücumçu deyiləm. Çoxu mənə hücumçu deyir, siz də məni belə hesab edirsiniz. Amma mən yarımmüdafiəçiyəm. Yarımmüdafiəçinin məqsədi ötürmə etməkdir. Onun əsas məqsədi qol vurmaq deyil. Hücumçu isə Nikolas Kanales, Rauf Əliyev, Bahodir Nasimovdur. Təbii ki, biz hücumameylliyik, ancaq yarımmüdafiəçiyik. Düşünmürəm ki, “Qarabağ”da ötən mövsüm pis oyun keçirdim. Avroliqaya vəsiqə qazandıq. Hər bir komandanın öz oyun üslubu var. Əlbəttə ki, “Qarabağ”da “İnter”lə müqayisədə parlaq mövsüm yaşamadım.

- Yaxşı onda sualı başqa cür verək: Aleksandr İaşvili hücumçudur, siz isə yarımmüdafiəçi. Ancaq İaşvilidən çox qol vurmusunuz. Ondan çox fərqlənməyiniz nə ilə bağlıdır?
- Baxmayaraq ki, Rauf və İaşvili cari mövsüm az qol vurub, ancaq hər ikisi yaxşı hücumçudur. Sadəcə, futbolçunun karyerasında olur ki, 1-2 mövsüm yaxşı çıxış edir, növbəti mövsüm isə eniş yaşayır. Buna görə ruhdan düşməmək lazımdır. Bəziləri məni ruhdan salmaq istəyirdi, ancaq sala bilmədilər...

- Bəziləri deyəndə kimləri nəzərdə tutursunuz: Jurnalistləri?
- Yox, ümumiyyətlə deyirəm. Ən əsas odur ki, sevdiklərin yanında olsun və həmişə dəstək olsunlar. İnanıram ki, hər bir futbolçunun yanında belə insanlar var. Futbolçunun yüksəlişi də, enişi də olur. Həmişə irəli baxmaq lazımdır. Mənim üçün qol vurmağın önəmi yoxdur, əsas komandamın 3 xal qazanmasıdır.

- Hazırda liderdən 9 xal geridə qalırsınız. Çempionluq üçün, yoxsa Avroliqaya vəsiqə verən yerlərdən biri üçün mübarizə aparırsınız?
- İstəyirik ki, çempion olaq. Ancaq onu da bilirik ki, çətin olacaq. Ən azından Avroliqaya vəsiqə verən 3-cü yeri tutmaq istəyirik. İnanıram ki, mövsümün sonunda “İnter” öz yerini tutacaq.

- Yığmanın bu il BƏƏ-dəki toplanışı çempionatın çox dövrəli olması ilə əlaqədar olaraq erkən başlayacaq. Bu isə klubla az hazırlıq keçməyinizə səbəb olacaq. Bu baxımdan çətinliklə üzləşməyəcəksiniz?
- “İnter”dən 2-3 futbolçu milliyə çağırılır. Düşünürəm ki, bütün klublar yığmanı başa düşəcək. Artıq yanvar-fevral aylarında Dubayda olmağa öyrəşmişik. Futbolçuyuq, bizə nə deyilsə, onu da yerinə yetirməliyik. Bizim işimiz budur.

- Yaxınlarda ilin futbolçusu seçiləcək. Hazırda yerlilərdən ən çox qol vuran futbolçu sizsiniz. Qalib olacağınızı gözləyirsiniz?
- Bunu siz, azarkeşlər və futbol adamları seçə bilər. İnanıram ki, layiq olan qalib olacaq. Biz hamımız dost-qardaşıq. Mən olmasam da, başqasının seçilməsinə pis olmaram.

- İlin ən yaxşısı kimi səsvermə hüququnuz olardısa, kimi buna layiq görərdiniz?
- Kamran Ağayev, eləcə də Rəşad Sadıqovla Mahir Şükürov buna layiqdir.

Səbuhi TOFİQOĞLU