“Qurban Qurbanov iclaslarda bizə deyir ki...”
14.12.2013 - 00:00
“Qurban Qurbanov iclaslarda bizə deyir ki...”
“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Komandanız Topaz Premyer Liqasının XVII turunda “Bakı”nın qonağı olacaq. Bu qarşılaşma barədə fikirlərinizi bildirərdiz...
- Bildiyiniz kimi, bu görüşə ciddi itkilərlə çıxacağıq. Sarı vərəqə limiti dolduğu üçün Reynaldo Silva və Rəşad Sadıqov, həmçinin zədəli olan Admir Teli və Riçard Almeyda komandaya kömək edə bilməyəcəklər. Geniş heyətə malikik. Onları əvəzləyən futbolçular var. İnanıram ki, onların yerinə meydana çıxanlar özlərini yaxşı tərəfdən göstərmək üçün hər şey edəcəklər. Əlbəttə, komanda olaraq zirvədə olmağın məsuliyyətini dərk edirik. Çalışacağıq ki, yaxşı oyunla sərfəli nəticə əldə edək. Bunun üçün yaxşı hazırlıq keçmişik.

- Etiraf edək ki, cəza və zədə səbəbindən oynamayan futbolçular komanda üçün ciddi itkilərdir. Onlar əsas heyətin özəyini təşkil edən futbolçulardır. Təbii ki, bu amil istər-istəməz mənfi təsirini göstərə bilər.
- “Qarabağ”ın sabit heyəti var. Dörd aparıcı futbolçunun olmamağı bəzi epizodlarda problem yarada bilər. Bununla belə, heyətdə kifayət qədər təcrübəli futbolçular var. Çalışacağıq ki, oyun üslubu itməsin. Düşünürəm ki, əgər öz oyunumuzu oynasaq, istədiyimiz nəticəni əldə edə bilərik.

- “Qarabağ” hər il olduğu kimi, bu mövsüm də sabit çıxışı ilə seçilir. Cəmi bir dəfə AZAL-a məğlub olub. Bunun sirri nədədir?
- Bunun əsas səbəbi komandanın müəyyən sisteminin, oyun üslubunun olmasıdır. Futbolçuların əksəri artıq xeyli vaxtdır birlikdə çıxış edir. Kimliyindən asılı olmayaraq, komandaya yeni qoşulan futbolçu tez bir zamanda sistemə uyğunlaşır. Hər oyunda ancaq qələbə haqda düşünürük. Məhz qalib gəlmək üçün meydana çıxırıq. Bu amil də müsbət mənada nəticələrdə öz əksini tapır. Sevindirici haldır ki, uğurlu seriya yaxalamışıq, cəmi bir dəfə məğlub olmuşuq.

- İnamlı müdafiəsi ilə seçilən “Qarabağ” cari mövsümdə cəmi 9 top buraxıb. Maraqlıdır ki, müdafiənin əsas simalarından hesab olunan Admir Teli də zədəli olduğu üçün oynamır. Buna baxmayaraq, “Qarabağ” yenə də sabit çıxış edir, az qol buraxır. Bunu nə ilə əlaqələndirirsiz?
- Qurban müəllim (baş məşqçi Qurban Qurbanovu nəzərdə tutur – red.) iclaslarda hər dəfə deyir ki, müdafiə xəttində tək müdafiəçilər oynamır. Çox şey hücum xəttindən asılıdır. Onlar öndə necə pressinq edəcəklərsə, yarımmüdafiəçilər ortada necə təmizlik işi aparacaqsa, müdafiəçilərin işi də bir o qədər rahat olacaq. Düşünürəm ki, komanda olaraq bu qaydaya yaxşı əməl etdiyimiz üçün biz də müdafiədə çox yüklənmirik. Birinci oyuna çıxanda fikirləşirik ki, qol buraxmayaq.

- “Qarabağ” hücumda da uğurlu çıxış edir. 28 topla Topaz Premyer Liqasının ən çox qol vuran komandasınız. Bu həftə qarşılaşacağınız “Bakı”nın isə aktivində 27 top var. Bu amil istər-istəməz müdafiədə sizə çətinlik yaradacaq...
- Əlbəttə. Adlara diqqət yetirmək kifayətdir. Rauf Əliyev, Əfran İsmayılov və başqaları. “Bakı” kifayət qədər təhlükəli rəqib, yaxşı hücum xəttinə malik komandadır. Oyundan oyuna artırırlar. İstənilən rəqibə çətin anlar yaşadırlar. İlk oyunda onlarla görüşdə maksimum güc sərf etdik və inamlı qələbə qazandıq. İlk görüşdəki kimi komanda şəkilində oynasaq, yenə də qalib gələ bilərik.

- Mövsümün artıq 16 turu arxada qalıb. Üç komandanın çempionluq şansları daha yüksək qiymətləndirilir. Hazırkı gedişi necə dəyərləndirirsən?
- Əsas mübarizə “Qarabağ”, “Neftçi” və “Qəbələ” arasında gedir. Bildiyiniz kimi, bu tur “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək. Komandaların öz aralarındakı oyunlardan çox şey asılıdır. Ancaq çempionluq haqda indidən danışmaq düz olmaz. Çünki qarşıda daha iki dövrə var. Hamının xal itirmək ehtimalı var. Misal üçün, heç kimin gözləmədiyi halda AZAL və “Rəvan”la görüşlərdə vacib xallar itirdik. Ola bilsin ki, “Neftçi” və “Qəbələ” də zəif rəqiblərlə görüşlərdə xal itirsin. Və ya əksinə. Hələlik 3 komandanın şansları daha yüksək görünür. Əlbəttə, “İnter” və “Bakı”nı hesabdan silmək olmaz. “İnter” çox maraqlı çıxış edir. İlk dövrələrdən uğursuz nəticələr əldə etdi. Hətta 10-cu sıraya qədər gerilədi. Yeni-yeni toparlanır. Xüsusən, orta xəttini çox bəyənirəm. Bir qədər də artırsalar, mövsümü ilk “üçlük”də bitirə bilərlər.

- Artıq 2013-cü ilə yekun vururuq. Arxada qalan ili necə dəyərləndirirsiz?
- İl bizim üçün uğurlu alındı. Avropa Liqasında pis çıxış etmədik. Pley-off mərhələsinədək irəlilədik. Bütün sədləri aşsaq da, “Ayntraxt” səddini keçə bilmədik. Bununla belə, Almaniya klubu ilə səfərdə nümayiş etdirdiyimiz futbolla əla komanda olduğumuzu sübut etdik. Millidəki çıxışıma gəlincə, bu seçmə mərhələdə rekord nəticə göstərib 9 xal topladıq. Əldə etdiyimiz nəticələrlə azarkeşləri sevindirdik. Özüm üçün də 2013-cü ili uğurlu hesab edirəm. İnşallah, gələn il daha da uğurlu olar, “Qarabağ” avrokuboklarda qrup mərhələsində mübarizə aparar, milli komanda da bundan da çox xal toplayar.