“Ola bilsin ki, qardaşım da Qəbələyə gəlsin” - MÜSAHİBƏ
12.01.2014 - 15:35
“Ola bilsin ki, qardaşım da Qəbələyə gəlsin” - MÜSAHİBƏ
“Qəbələ” klubunun seneqallı futbolçusu İbrahima Niassenin apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsi

- Hazırlıqlar haqqında nə deyə bilərdiniz?
- Normal hazırlıq keçir. Hər gün 2 dəfə olmaqla məşq keçirik. Bir az futbolçular üçün çətin olsa da, bu, normal haldır. Çünki ağır məşqlərdə hazırlaşmalıyıq ki, qış fasiləsindən sonra çempionata yaxşı start verək.

- “Maltəpəspor”la oyunda zədənizə görə iştirak etmədiniz. Hazırda vəziyyətiniz necədir?
- Bu matçdan bir gün əvvəl məşq edərkən ayağıma zərbə dəymişdi. Ona görə də yüngül zədələndim. İndi isə tam qaydasındayam. Komanda ilə birlikdə qaçıram, məşq edirəm.

- Sabah “Qəbələ” Qazaxıstanın “Tobol” klubu ilə 2-ci yoxlama oyununu keçirəcək. Bu komandaya qarşı oynayacaqsınız?
- Hazıram. Ancaq start heyətdə oynayıb-oynamayacağımı bilmirəm. Rəqibə gəlincə, “Tobol” haqqında heç nə bilmirəm.

- Komandaya 2 mərkəz müdafiəçisi gəlib. Bunlardan biri braziliyalı Rafael Santos, digəri isə baxışda olan tacikistanlı Davron Erqaşevdir. Bundan sonra demək olarmı ki, siz müdafiəçi kimi yox, dayaq yarımmüdafiəçisi kimi çıxış edəcəksiniz?
- Mənim üçün hansı mövqedə oynamağın fərqi yoxdur. Baş məşqçi məni hansı mövqedə oynatmaq istəsə, orda da çıxış etməyə hazıram.

- Dünənki məşqdə hansı mövqedə sınanıldınız?
- Məşq zamanı mərkəz müdafiəçisi qismində çıxış etdim. Ancaq yenə deyirəm ki, mənim üçün bu elə də böyük fərq etmir. Əsas odur ki, hansı mövqedə oynamağımdan asılı olmayaraq, qələbə qazanaq.

- “Akhisar Bələdiyyəspor”da çıxış edən kiçik qardaşınız Umar Niasse də “Qəbələ”nin məskunlaşdığı otelə gəlmişdi. Özünüz onu bura dəvət etmişdiniz?
- Düzdür. O, “İstanbul BB”də çıxış edən nigeriyalı hücumçu Saymon Zenke ilə bərabər burda idi. Təbi ki, qardaşımı burda gördükdə çox sevindim. Onu dəvət etməmişdim. Özü bizim qaldığımız otelə gəlmişdi. Ola bilsin ki, o, Qəbələyə də gəlib, oyunumuza baxsın.

Səbuhi TOFİQOĞLU
Bələk