Azərbaycan Premyer Liqasının XXII turu Şamaxının uzun fasilədən sonra böyük futbola ev sahibliyi etməsi ilə əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, “Keşlə” adını “Şamaxı”ya dəyişməsindən sonrakı ilk matçını evdə keçirəcək.
Sənan Qurbanovun yetirmələri öz meydanında “Neftçi”ni qəbul edəcək. Bununla da Şamaxıda uzun sürən həsrət başa çatacaq.
Yerli komandanın yüksək liqa oyunu keçirməsi sonuncu dəfə 30 il əvvələ təsadüf edib. 1992-ci ildə “Şirvan” adlı komanda son ev oyununu oktyabrın 21-də keçirib.
Həmin gün “Plastik”i 3:0 hesabı ilə məğlub edən Şamaxı komandasının azarkeşləri 10 min 762 gündən sonra eyni həyəcanı “Neftçi” ilə görüşdə yaşaya biləcək. Bu, həm də Şamaxı təmsilçisinin yüksək dəstədə baş tutan son görüşü kimi yadda qalıb.
Şamaxı klubunun son matçı isə 1992-ci il oktyabrın 25-də səfərdə baş tutmalı idi. Amma “Şirvan” Bərdə səfərinə görə “Pambıqçı” ilə matçda texniki məğlubiyyət alıb.