Böyük vədlər verəcək bir mütəxəssisin tapılacağı ümidi ilə milli komandamıza baş məşqçi axtarışının davam etdiyi bir dövrdə daha bir legionerimiz qayıtdı.
Bu isə onsuz da, bir əlin barmaqlarının sayı qədərə çatmayan legioner futbolçularımızın tükənməsi anlamına gəlir.
Az qala hər il klub dəyişməklə məşğul olan Ramil Şeydayevin “Sabah”a keçidi gələcəyinə ümid bəslədiyimiz daha bir futbolçunu itirməyimiz deməkdir. Rusiya futbol məktəbinin yetirməsi yığmanın heyətindəki canfəşanlığı ilə hər birimizin rəğbətini qazanıb. Demək olar ki, milli forma altında hər oyunda can yandırır, məşqçilər korpusu qarışıq bütün komanda təslim olanda belə, hamının yerinə döyüşür. Ancaq özünü ora-bura vurmaq böyük futbolçu olmaq, Avropada möhkəmlənmək üçün kifayət etmir. Hamımız bilirik ki, Ramilin ən böyük çatışmazlığı qol vura bilməməsi, daha doğrusu, düz-əməlli heç qol vəziyyəti yaratmamasıdır. Oyun ərzində ən yaxşı halda 1-2 dəfə onun zərbə mövqeyinə çıxdığını görmək olar. Bu, oynadığı klublarda da belə olub, millidə də. Amma hücumçunun işi qol vurmaqdır. Nə qədər döyüşürsən-döyüş, rəqibin cərimə meydanında təhlükə mənbəyi deyilsənsə, bir müddət sonra sıradan futbolçuya çevriləcəksən, futbol oynamaq xatirinə orda-burda karyeranı birtəhər davam etdirəcəksən. Ramil Şeydayev də hazırda həmin eniş mərhələsindədir. Hələ 24 yaşı tamam olmayıb. Amma “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov” və “Dinamo”da özünü göstərmək imkanı qazanıb. Başqa hansı azərbaycanlı futbolçunun əlində bu qədər şans düşüb? Qol vurmaq bacarığın yoxdursa və üstəlik, getdiyin ölkədə legionersənsə, əlbəttə ki, orada çox qala bilməzsən.
Əslində Ramili Azərbaycana qaytardığı üçün “Sabah”ı tənqid etmək doğru olmaz. Çünki onların klub olaraq azərbaycanlı futbolçuların legioner həyatı yaşamalarına çalışmaq kimi bir öhdəlikləri yoxdur. Bakılılar öz mənafelərini düşünürlər və klubsuz olan milli üzvünü heyətlərinə qatırlar. Ramilin “Sabah”a xeyir verib-verməyəcəyini zaman göstərəcək. Təbii ki, buna vaxtı çatarsa. Nəzərə alaq ki, müqavilə mövsümün sonuna qədər imzalanıb və Şeydayevin də önündə cəmi 11 qarşılaşma var. Uzun müddətdir oyun praktikasından da əziyyət çəkdiyini düşünsək, özünü toparlayıb, əsas heyətə düşənə qədər mövsüm bitəcək.
Bu keçidlə bağlı əsas sual “Sabah”ın Şeydayevə ehtiyacı var idimi?” olmalıdır. Komanda qış fasiləsində Marko Deviçi qaytardı, “Zirə”dən Xulio Sezar Rodrigesi götürdü və əvvəldən də heyətdə Ulise Diallo var idi. 3 mərkəz hücumçusuna sahib klub onlardan daha hazırlıqsız olan dördüncüsünü gətirib nə edəcək? Adları çəkilən bu 4 oyunçunun heç biri də insayd mövqeyində oynamağı bacarmır. Bəyəm, Jelko Sopiç 3 mərkəz hücumçusunu meydana buraxıb, birini də onlara alternativ kimi kənarda saxlayacaq? Buradan belə qənaətə gəlmək olar ki, Ramil Şeydayevin keçidi “Sabah” üçün transfer xatirinə edilmiş transferdir. Üstəlik, Sopiçin Xorvatiya mətbuatına açıqlamasında transfer siyasəti ilə bağlı dediyi fikirlərlə eyni vaxta təsadüf etdi, amma heç üst-üstə düşmədi.
Ümid edirik ki, 3 ay Ramil Şeydayevin özünü toparlaması üçün yetərli olar və yenidən Avropaya yollanar. Ancaq bu dəfə ehtiyatda oturmaq, 6 aydan sonra yeni klub axtarmaq düşüncəsi ilə deyil...