Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun yeni komandası “Bursaspor” uğursuz çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, TFF I Liqasında məğlubiyyətləri sıralayan Bursa təmsilçisi cari mövsüm qələbə üzünə həsrətdir.
IV turda Ələskərovun ehtiyatda qaldığı matçda “Altınordu”ya 1:2 hesabı ilə uduzan “timsah”ın aktivində hazırda cəmi 1 xal var. Bununla “Bursaspor” klub antirekordunu təkrarlayıb. Komanda buna qədər sonuncu dəfə 2001/02 mövsümünün startındakı ilk dörd turda 1 xal toplaya bilmişdi.
Qeyd edək ki, “Bursaspor” V turda sentyabrın 15-də “Samsunspor”u qəbul edəcək.