22 yaşında karyerasını bitirmək istəyib, pul üçün futbolda qalan ULDUZ
18.01.2022 - 14:39
22 yaşında karyerasını bitirmək istəyib, pul üçün futbolda qalan ULDUZ

FIFA-nın keçirdiyi səsverməyə əsasən 2021-ci ilin ən yaxşı qapıçısı seçilən “Çelsi”nin qolkiperi Eduar Mendi ulduzu gec yaşda parlayan oyunçulardandır.

Apasport.az saytının məlumatına görə, Seneqal millisinin üzvü ilk böyük klubu ilə 2020-ci ildə - 28 yaşında müqavilə imzalayıb.

Təsadüfi deyil ki, Mendi Seneqal millisinə də ilk dəfə 2018-ci ildə çağırılıb. Bu səviyyəyə gəlmək isə onun üçün heç də asan olmayıb.

Eduar Mendi 8 il əvvəl işsiz olub. Fransanın III liqa təmsilçisi “Şerburq”da ehtiyat qapıçı olduğu zaman klub onunla yolları ayırıb.

Həmin vaxt artıq 22 yaşı var idi və karyerasını bitirməyi düşünürdü.

Son şans kimi özünü “Marsel”in əvəzedici heyətində sınamaq qərarına gəlib.

Futboldan getməməyinin əsas səbəbi isə heç də bu idman növünə olan sevgisi olmayıb. Məsələ burasındadır ki, sevgilisi hamilə imiş və cütlüyün pulu olmayıb. Maliyyə həvəsi Mendini futbolda qalmağa məcbur edib.

Orada özünü göstərməyi bacarıb və Liqa2 klubu “Reyms” 2016-cı ildə ikinci qapıçı kimi onu heyətinə qatıb. İlk mövsümündə cəmi 8 matçda iştirak edib.

Növbəti mövsüm çərçivəni Yohan Karraskodan almağı bacaran seneqallı əvəzedilməz qolkiperə çevrilib.

2019-cu ildə 27 yaşında ilk dəfə klubuna pul qazandıraraq “Renn”ə keçib. Bu keçid “Renn”ə 7,6 milyon avroya başa gəlib.

İlk mövsümündəcə “Renn”in Çempionlar Liqasına vəsiqə qazanmasında ən böyük pay sahiblərindən olub.

Mendinin istedadını görən “Çelsi” 2020-ci ildə onu transfer edib. İngiltərə nəhəngində dünyanın ən bahalı qapıçısı Kepa Arrizabalaqanın əlindən çərçivəni almağı bacarıb.

“Çelsi”nin heyətində ötən mövsüm Premyer Liqada keçirdiyi 29 oyunun 16-da qapısını toxunulmaz saxlayıb.

“Çelsi”nin ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləməsinin qəhrəmanlarından biri olub. Yarımfinalda “Real”la görüşdə düz 5 dəfə yüz faizlik qoldan komandasını xilas edib.

Yekunda Çempionlar Liqasını qazanan ilk afrikalı qapıçı ünvanına yiyələnib.

Həyatı geridönüşlərlə zəngin olan Mendi dünən FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimində 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.