Dünya futbolunun əfsanələri Kriştianu Ronaldo və Lionel Messinin rekord mübarizəsi davam edir.
Apasport.az saytının məlumatına görə, hücumçular “Böyük beşlik” ölkələrinin liqalarında vurulan qol sayında qiyabi rəqabət aparırlar.
A seriyasının “Parma” ilə oyununda vurduğu iki topla “Yuventus”a 2:1 hesablı qələbə qazandıran Ronaldo qol sayını 432-yə çatdırıb. O, bununla da Messiyə çatıb. Lakin bu ikihakimiyyətlilik 26 dəqiqə sürüb. La Liqanın “Qranada” ilə matçında (1:0) fərqlənən Lionel 433-cü qolla yeni rekorda imza atıb.
Bu, həm də argentinalının 2020-ci ildə ilk qolu olub. Messi ardıcıl 16-cı ildir La Liqada qol sevinci yaşayır. 2005-ci ildən başlayaraq hər il fərqlənməyi bacaran forvard La Liqanın mütləq rekordçusu olub. İndiyədək heç kim ardıcıl 16 mövsüm İspaniya çempionatında qol vurmamışdı.
Amma “Böyük beşlik”də daha uzun seriyalar da var. “Yuventus”lu Kriştianu Ronaldo 18, “Verona”lı Campaolo Patsini və “Bordo”lu Cimmi Brian 17 illik analoji seriyaya malikdir.
Lionel həm də “Nou Kamp”da 250-ci dəfə qol sevinci yaşayıb. Müqayisə üçün Ronaldo “Santyaqo Bernabeu”da 178 top vurub.