Azərbaycan çempionu “Neftçi” bu gün avrokuboklarda növbəti oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-ini qəbul edəcək.
İndiyədək Azərbaycan komandaları iki dəfə avqustun 3-də meydana çıxıb. Həmin qarşılaşmalar da evdə baş tutub.
3-cü dəfə bu ayın 3-də meydana çıxacaq təmsilçilərimiz görüşləri qolsuz tərk etməyib. 16 il əvvəl “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsində Belçika “Anderlext”ini 1:0 hesabı ilə məğlub edib.
2017-ci ildə isə “Qəbələ” “Panatinaikos”u qəbul edib. Avropa Liqasının təsnifat mərhələsinin görüşündə Yunanıstan klubu 2:1 hesabı ilə qalib gəlib.