4 futbolçu ilə rekorda şərik oldu – Erlinq Haland
19.02.2020 - 10:16
4 futbolçu ilə rekorda şərik oldu – Erlinq Haland

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində PSJ ilə keçirilən ilk oyun Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland üçün əlamətdar alınıb.

Apasport.az saytının məlumatına görə, komandasının 2:1 hesablı qələbə qazandığı qarşılaşmada dubl edən gənc futbolçu ÇL tarixinin rekordunu təkrarlayıb.

Norveç millisinin üzvü buna debüt mövsümündə 10 qol vurmaqla nail olub. Halanda qədər 4 futbolçu - Jüst Fonten (“Reyms” - 1958-59 mövsümü), Klaudio Sulseru (“Qrasshoppers” - 1978-79), Sadio Mane (“Liverpul” - 2017-18) və Roberto Firmino (“Liverpul” - 2017-18) ilk mövsümlərində 10 qol həddinə çatıblar.

Onlardan fərqli, Haland iki klubun heyətində 10 dəfə rəqib qapısına yol tapıb. 19 yaşlı oyunçu qrup mərhələsində “Zalsburq”un heyətində keçirdiyi 6 oyunda 8 qola imza atıb. Haland həm də eyni mövsümdə iki komandanın forması altında Çempionlar Liqasında fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Borussiya” ilə PSJ arasında cavab matçı martın 11-də Parisdə baş tutacaq.