6-cı legioner – “Qarabağ”da
14.01.2022 - 11:42
6-cı legioner – “Qarabağ”da

Qış transfer pəncərəsinin 5 günü arxada qalıb.

Apasport.az saytının məlumatına görə, bu qısa müddət qapıçıların tez-tez gündəmə düşməsi ilə diqqət çəkib.

“Səbail”in qapıçısı Kamran Ağayev karyerasını bitirib. “Sumqayıt”ın qolkiperi Aydın Bayramov isə “Neftçi”nin hədəfinə düşüb.

Rəsmiləşən yeganə qapıçı transferi isə liderin aktivindədir. “Qarabağ” Luka Qureşaşvilini icarəyə götürüb.

Premyer Liqada mövsümün ilk yarısına nəzər salsaq, 8 klubda 15 qapıçı meydana çıxıb. “Zirə” və “Qəbələ” daha az - hərəyə bir, “Səbail” hamıdan çox – 3 əlcək sahibinə güvənib.

Bu 15 qolkiperdən 11-i yerli, 2-si legioner, 2-si milliləşən əcnəbidir. Luka meydana çıxsa, Stanislav Namaşko və Saşa Stamenkoviçdən sonra mövsümün üçüncü legioner qapıçısı olacaq. “Sabah”ın serbiyalısı artıq ölkəmizi tərk edib. 

Düzdür, daha bir legioner də sifariş olunub. “Qəbələ”nin İspaniya vətəndaşı olan kamerunlusu Kristof Atanqana hələ çempionatda debüt imkanı qazana bilməyib.

Mövsümün yeganə gürcü qapıçısı olacaq Lukanın komanda yoldaşı Şahruddin Məhəmmədəliyev və “Zirə”də çıxış edən Mehdi Cənnətov isə milliləşən legioner sayılır. Rusiyalılar artıq uzun illərdir ölkəmizdə yığma və klubların formasını geyinir.

Atanqana ilə milliləşənləri də nəzərə alsaq, ilk yarıda 5 legioner qolkiper olub. Luka bu siyahıda 6-cıdır.

Qeyd edək ki, əcnəbi qapıçılardan Namaşko 14 (23 top buraxıb), Stamenkoviç 3 (8 top buraxıb), milliləşən Cənnətov 14 (16 top buraxıb), Məhəmmədəliyev 9 (4 top buraxıb) oyunda şans qazanıb.