7,6 milyard funt sterlinq töhfə - Premyer Liqadan
17.01.2022 - 17:47
7,6 milyard funt sterlinq töhfə - Premyer Liqadan

İngiltərə Premyer Liqası koronavirus pandemiyasına baxmayaraq, 2019/20 mövsümündə Böyük Britaniya iqtisadiyyatına əhəmiyyətli töhfə verib.

Apasport.az xəbər verir ki, bu barədə məlumat Premyer Liqanın rəsmi saytındakı hesabat zamanı açıqlanıb.

İngilis audit və konsaltinq şirkəti “Ernst & Young” (EY) tərəfindən aparılan araşdırmaya əsasən, Premyer Liqa İngiltərə iqtisadiyyatına 7,6 milyard funt sterlinq töhfə verib. Pandemiya səbəbindən çempionat üç aydan çox dayandırılsa da, klubların iqtisadi fəallığı 1998/99 mövsümü ilə müqayisədə 840 faiz artıb.

2019/20 mövsümündə Premyer Liqa və klublar dövlət xəzinəsinə 3,6 milyard funt sterlinq vergi ödəyib ki, bunun da 1,4 milyardı oyunçulardan gəlib. Ümumilikdə klub vergiləri 1998/99 mövsümündən bəri 3,1 milyard funt sterlinq artıb.

EY hesab edir ki, 2019/20 və 2020/21 mövsümlərində yayım və oyun günü gəlirində 1,3 milyard funt sterlinq itkiyə baxmayaraq, Premyer Liqanın ümumi iqtisadi töhfəsi 2016/17-ci illərdə yaranan məbləğə bərabər - pandemiyadan əvvəlki dönəm səviyyəsində qalıb.

2019/20 mövsümündə Premyer Liqanın ümumi auditoriyası koronavirus pandemiyasının başlamasından sonra Çempionlar Liqasının auditoriyasını ötüb. Həmin mövsüm İngiltərə çempionatının ümumi qlobal auditoriyası 3,2 milyard nəfər olub. Bu, Çempionlar Liqasından iki dəfə çoxdur. Həmin vaxt yarışlar təxminən üç ay dayandırılmazdan əvvəl arenalar rekord səviyyədə - 97,8 faiz dolurdu.