8 qolla 8 ilin antirekordu: Volkov qədər olmayan komanda
01.12.2021 - 11:00
8 qolla 8 ilin antirekordu: Volkov qədər olmayan komanda

Premyer Liqada mövsümün 12 turu arxada qalıb.

Apasport.az saytının məlumatına görə, ötən mövsümün mükafatçıları cari çempionata fərqli başlayıb.

Son çempion “Neftçi” titulunu qorumaq gücündə olmadığını qeyri-sabit çıxışı ilə göstərsə də, ən azı mükafatlar uğrunda mübarizə aparmağa çalışır. Vitse-çempion “Qarabağ” itirdiyi titulu qaytarmağa bir nömrəli namizəddir. 

Ötən mövsümün bürünc mükafatçısı “Sumqayıt” isə heç özünə bənzəmir. Riad Rəfiyevin prezidenti olduğu komanda mövsümə ardıcıl iki qələbə ilə başlayanda azarkeşlərinə ümid vermişdi. Lakin bu start bürünc mükafatçının iddialarının böyüməsi deyil, bir atımlıq barıt imiş.

Turdan tura turnir cədvəlində üzüaşağı yuvarlanan Ayxan Abbasovun yetirmələri artıq qol vurmağı da unudub. İrandan hücumçular gətirən, onları bəh-bəhlə milliləşdirən “Sumqayıt” Premyer Liqada hamıdan az qol vurub.

12 turda cəmi 8 top vuran “Gənclik şəhəri təmsilçisi” son sıralardakı “Keşlə” və “Səbail”ə də həsəd aparır. Təsəvvür edin ki, ilk iki oyunda 4 qol vuran komanda sonrakı 10 matçda da vur-tut 4 qola sevinib.

Sanki komanda meydanda qapını ya itirib, ya da unudub. Bunun nəticəsidir ki, çempionatın ən yaxşı bombardiri Davit Volkov da təkbaşına “Sumqayıt”dan çox qol vurub. “Zirə”nin bir hücumçusu qədər də olmayan komanda özünün son 8 ildəki antirekorduna imza atıb.

Sumqayıtlılar ötən çempionatın 12 oyununda 15 qol vurmuşdu. Bu, indikindən təxminən 2 dəfə çoxdur.

Ümumiyyətlə, “Sumqayıt”ın mövsümün ilk 12 çempionat oyununda daha az qol vurmasına sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda cəmi 5 qolla təsəlli tapmışdı. Sonrakı 7 mövsümdə hücumda daha effektli olan komanda artıq “dişsiz” birinə çevrilib.