AFFA Cavid Hüseynovun cəzasını açıqladı
18.02.2020 - 13:27
AFFA Cavid Hüseynovun cəzasını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

“Qarabağ”la görüşün 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Zirə”nin kapitanı Cavid Hüseynova 4 oyunluq cəza, klubuna 3200 manat cərimə kəsilib.

“Səbail” – “Qəbələ” matçında qırmızı vərəqə alan qonaqların yarımmüdafiəçisi Fernan Lopez qarşıdakı 1 turu buraxacaq. “Qəbələ” də 200 manat məbləğində cərimələnib.

“Neftçi” – “Keşlə” qarşılaşmasında birincilərin 5 futbolçusu, “Sumqayıt” – “Sabah” görüşündə isə ikincilərin 4 üzvü sarı vərəqə alıb. Bu üzdən adıçəkilən klublar 800 manat ziyana düşüblər.