Gürcüstan Futbol Federasiyası (GFF) UEFA-ya müraciət ünvanlayıb.
Apasport.az saytının məlumatına görə, GFF koronavirus epidemiyasının yayılması səbəbindən AVRO-2020-nin pley-offunda Belarusla keçiriləcək oyunun təxirə salınmasını istəyib.
Qurumun baş katibi David Muciri martın 26-dakı qarşılaşmanın başqa vaxta keçirilməsini xahiş etdiklərini açıqlayıb: “Azarkeşlər bizim üçün vacibdir. Ancaq futbolçuların maraqlarını və sağlamlıqlarını da düşünməliyik. Gürcüstan yığmasının Avropa və Amerikada çıxış edən oyunçuları var. Koronavirus təhlükəsi səbəbindən onların həmin ərazidən çıxmaları və geri qayıtmaları çətinləşib. Oyunu azarkeşsiz keçirmək də təhlükəsiz deyil. Məsələn, Çempionlar Liqasının PSJ – “Borussiya” görüşündə stadionun ətrafında minlərlə fanat toplaşmışdı. Belədə onların tribunada olub-olmamalarının elə bir fərqi yoxdur. Bu üzdən matçın təxirə salınması ən yaxşı variant olar”.
Qeyd edək ki, Gürcüstan – Belarus görüşü Tbilisidəki “Dinamo Arena”da keçiriləcək. Matçın bütün biletləri satılıb.