Britaniyada Roman Abramoviçə tətbiq edilən sanksiyalar onun sahibi olduğu “Çelsi” klubunu çətin duruma salıb.
Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın yenə nəhəng klub olub-olmayacağı yeni rəhbərliyin kimliyindən asılı olacaq.
Halbuki Abramoviç 2003-cü ildə aldığı London təmsilçisini qısa müddətdə qitənin ən böyük klublarından birinə çevirməyi bacarıb.
Bu yazıda “Çelsi”nin Roman Abramoviç dönəmində keçirdiyi 19 il ərzində həyati önəm daşıyan 10 anını təqdim edirik.
İlk transfer dönəmi
Abramoviç klubu alan kimi böyük işlər görməyə başladı. “Zadəganlar”ı 2003-cü ilin yayının transfer çempionu saymaq olar. London təmsilçisi həmin yay “İnter”dən Ernan Kresponu, “Real”dan Klod Makeleleni, “Parma”dan Adrian Mutunu, “Mançester Yunayted”dən Xuan Sebastyan Veronu və “Blekbern”dən Damyen Daffı heyətinə qatdı. Rusiyalı biznesmen transfer pəncərəsində 150 milyon funt sterlinqdən çox pul xərclədi.
Joze Mourinyo
2004-cü ilin yayında Abramoviç klubun taleyini kökündən dəyişəcək qərar qəbul etdi, “Porto”ya Çempionlar Liqasını qazandıran Joze Mourinyonu “Stemford Bric”ə gətirdi. Mourinyonun özü ilə gətirdiyi Rikardo Karvalyodan başqa, həmin yay transfer edilən Didye Droqba və Petr Çex kimi adlar 10 ilə yaxın komandanın skeletini formalaşdırdı.
“Çelsi” – “Barselona” – 4:2
Mourinyonun ilk mövsümündə “Çelsi” 1/8 final mərhələsində Çempionlar Liqasının (ÇL) favoritlərindən “Barselona” ilə qarşılaşdı. “Nou Kamp”da keçirilən ilk oyunda 0:1 hesabına üzülən Premyer Liqa klubu cavab görüşündə 4:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi. Tarixində ilk dəfə bu uğura imza atan “Çelsi” yarımfinalda “Liverpul”la uduzdu.
İlk Premyer Liqa çempionluğu
2004/05 mövsümündə “Çelsi” tarixində ilk dəfə Premyer Liqa çempionluğunu qazandı. Bu titul həm də londonluların 50 illik titul həsrətinə son qoydu. Mourinyonun rəhbərliyi altında komanda növbəti mövsüm də çempionluq titulunu qorudu.
“Qızıl dubl”
“Çelsi” 2009/10 mövsümünə İngiltərə Superkubokunu qazanaraq başladı. Həmin mövsümü uğurlu keçirən komanda həm Premyer Liqanın, həm də İngiltərə Liqa Kubokunun qalibi oldu. Bununla klub tarixində ilk dəfə “qızıl dubl” gerçəkləşdirdi. Ancaq Çempionlar Liqasının 1/8 final mərhələsində önlərini sabiq baş məşqçi Joze Mourinyonun çalışdırdığı “İnter” kəsdi.
İlk ÇL zəfəri
“Çelsi” Çempionlar Liqasında ilk zəfərini 2011/12 mövsümündə əldə etdi. Üstəlik, “zadəganlar” bunu, bəlkə də, Abramoviç dövrünün ən pis anında qazandı.
Antonio Konte
Londonlular 2016/17 mövsümünə “Yuventus”u yenidən A seriyasının çempionu edən və son olaraq İtaliya millisini çalışdıran Antonio Konte ilə başladı. Konte ilk mövsümündə Premyer Liqanı qazandı. İkinci mövsümündə isə İngiltərə Kubokunu əldə etdi.
Frenk Lempardın dönüşü
Ardıcıl çempionluqların ardından eniş yaşayan “Çelsi” 2001-2014-cü illərdə komandada oynamış, böyük uğurların qəhrəmanlarından olan Frenk Lempardı 2019-cu ilin yayında baş məşqçi təyin etdi. Lempardın rəhbərliyi altında klub yalnız İngiltərə Kubokunda finala qədər irəliləyə bildi.
Tomas Tuxellə yüksəliş
Ötən mövsümün ortalarında Lempardla yollarını ayıran rəhbərlik bu posta PSJ-dən istefaya göndərilən Tomas Tuxeli gətirdi. Almaniyalı mütəxəssislə yüksəlişə keçən komanda tarixində ikinci dəfə Çempionlar Liqasını qazandı.
Tamamlanan kubok kolleksiyası
İştirak etdiyi bütün turnirlərin qalibi olmağı bacaran “Çelsi”nin muzeyində yalnız FIFA Klublararası Dünya Çempionatı titulu əskik idi. “Zadəganlar” bunu da qazanaraq, kubok kolleksiyasını tamamladı. Londonlular “Bavariya” və “Mançester Yunayted”dən sonra Avropa Liqası (UEFA Kuboku), Çempionlar Liqası, Kuboklar Kuboku və FIFA Klublararası Dünya Çempionatını qazanan üçüncü komanda oldu.