“Atletik”in Qana əsilli hücumçusu İnyaki Villiamsın 18 yaşlı qardaşı Niko Villiams La Liqada debüt matçını keçirib.
Apasport.az saytının məlumatına görə, hazırda İspaniyanın U-19 yığmasında çıxış edən “Atletik”in forvardının yaxın gələcəkdə əsas milliyə çağırılması gözlənilir.
Bu baş verərsə, Niko İspaniya yığmasının formasını geyinən 6-cı Afrika əsilli futbolçu olacaq. İndiyə qədər əslən Afrikadan olan 5 oyunçu “buğalar”ın uğurları üçün çalışıbsa, onlardan ikisi - Ansu Fati və Adama Traore hazırda da dəvət edilir.
İspaniya yığmasında oynamış Afrika əsilli oyunçulara göz gəzdirək:
İnyaki Villiams
“Atletik”də çıxış edən Qana əsilli futbolçu 2016-cı ildə İspaniya yığmasında debüt edib. 21 yaşında olarkən Bosniya və Herseqovina ilə qarşılaşmada 30 dəqiqə meydanda olan Villiams ondan sonra yığma forması geyinməyib.
Ansu Fati
“Barselona” akademiyasının kəşfi Qvineya-Bissau əsillidir. Fati ötən il 17 yaşında İspaniya yığmasının formasını geyinib. Yığmada keçirdiyi 4 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Adama Traore
“Vulverhempton”un formasını geyinən Mali əsilli vinger də “buğalar”da debütünü ötən il edib. 24 yaşında milliyə dəvət alan Traore hələ qol hesabını açmayıb.
Munir El Haddadi
“Sevilya” uğurları üçün çalışan Munir 2014-cü ildə - 19 yaşında İspaniya yığmasının heyətində meydana çıxıb. Debüt matçında 13 dəqiqə iştirak edən El Haddadi ondan sonra yığma üzü görməyib. Bu il xüsusi icazə ilə vətəni Mərakeş yığmasında oynamağa başlayıb.
Visente Enqonqa
Ekvatorial Qvineyadan olan sabiq yarımmüdafiəçi 1998-ci ildə İspaniya millisində ilk görüşünü keçirib. 32 yaşında bu komandada debüt edən Enqonqa İspaniya yığmasında 14 görüşə çıxıb, 1 qola imza atıb.