Ağasəlim Mircavadov: “Bu, faciədir” - MÜSAHİBƏ
24.05.2021 - 11:46
Ağasəlim Mircavadov: “Bu, faciədir” - MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü, veteran mütəxəssis Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. “Keşlə” – “Sumqayıt” görüşü ilə bağlı nə düşünürsüz?
- Çempionatdan fərqli ölkə kubokunda az oyun keçirməklə avrokuboklara vəsiqə qazana bilərsən. Hər şey futbolçuların özlərini həlledici görüşə necə hazırlamasından asılı olacaq. Komandalarda mövsümün yorğunluğu var. Ancaq son oyun olduğundan, hamı istəkli mübarizə aparacaq.

- “Sumqayıt”ın Premyer Liqada 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanması komandada arxayınlıq yaratmaz?
- Düzdür, “Sumqayıt” avrokuboklara vəsiqəni təmin edib. Ancaq medal, kubok qazanmaq klubun tarixinə düşür, futbolçuların, məşqçilərin karyerasına müsbət məqam kimi yazılır. Fikrimcə, “Sumqayıt”ın psixoloji durumu daha yaxşı olacaq. Komanda daxilində sakitlik olanda öz oyununu sərgiləyə bilirsən. Həyəcanlananda səhvlər edirsən. O ki qaldı “Keşlə”yə, çempionatda sonuncu yerlərdən birini tutan komandanın ölkə kubokunda finala çıxması nadir hadisədir. Belə vəziyyətdə kuboku qazanmaq onlar üçün böyük qələbə olar. Komandalar bir-birilərini yaxşı tanıyırlar. İnanmıram ki, baş məşqçilər heyətdə hansısa rotasiya və ya taktiki gedişlərdə dəyişiklik eləsin. Çünki dəyişikliyə hazır olmalısan. Amma buna hazırlaşmaq üçün də vaxtları yoxdur.

- Premyer Liqada 4-cü yeri tutan “Zirə” də bu matçı gözləyir. Sizcə, “Zirə”, yoxsa “Keşlə” avrokuboklara daha hazırlıqlıdır?
- “Sumqayıt” həm özü, həm də “Zirə” üçün oynayacaq. Azərbaycan futbolunun ən böyük bəlası odur ki, klublar mayda, yəni bir ay əvvəl avrokuboklara hazırlaşırlar. Bu, faciədir. Halbuki Avropa arenasına bir il əvvəldən hazırlaşmaq lazımdır. Artıq qış fasiləsində növbəti mövsümün həm çempionat, həm də avrokubok heyətini formalaşdırmalısan. Mayda sənin Avropa hazırlığın yekunlaşmalıdır. Hər klubun perspektivli planı olmalıdır.

- Sözünüzdən belə çıxır ki, heç bir klubumuz hazır deyil. Bizdə belə bir planı varmı?
- Elə onu demək istəyirəm. Bəyəm “Neftçi” avrokuboka hazırdır? “Neftçi” və “Qarabağ”ın oturuşmuş heyəti var. Bəzi əlavələr də edilməlidir. Avrokuboka 20 gün qalmış heyətdə ciddi dəyişiklik uğur gətirməz. Ən çox sevindirici məqam komandalardakı futbolçuların istəkli olmasıdır.

- Bu gün ölkə kubokunun finalı olsa da, çox adamın bundan xəbəri yoxdur. Ajiotajın olmaması nədən qaynaqlanır?
- Bunu siz daha yaxşı hiss edərsiz. Azarkeşləri stadiona buraxmırlar. Oyun azarkeşlərlə keçirilsəydi, ajiotaj olardı. Ətrafımda olan insanlar maraqlanırlar, məlumat alırlar. Matça gedə bilmədikləri üçün üzülürlər.

- Sonda finalla bağlı proqnozunuz...
- Mən şansları yarı-yarıya görürəm. Belə oyunda hər şey baş verə bilər. Kim daha az səhv eləsə, o da qalib gələcək.

Ruslan Sadıqov
 

0