“De Byazinin bu cür fikirlər deməsinə məəttəl qaldım. Onun belə danışmağa nə mənəvi, nə də hüquqi cəhətdən ixtiyarı var”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov hazırkı çalışdırıcı Canni de Byazinin İtaliya mətbuatına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Mircavadov italiyalı mütəxəssisin yığmanın futbolçularını xaraktersiz və qorxaq adlandırmasını qəbuledilməz sayır: “Belə danışandan sonra gəlib futbolçularla necə işləyəcək? Uşaqlar qorxaqdırsa, istəkli deyilsə, birinci günahkar baş məşqçi özüdür. Deməli, özünün istəyi yoxdur, özü qorxur. Bunu biz özümüz də görürük. Əvəzetmə edəndə aləm qarışır bir-birinə. Elə taktiki gedişlər edir ki, uşaqlar özləri çaş-baş qalırlar”.
AFFA Məşqçilər Komitəsinin üzvü həmkarını qeyri-peşəkarlıqda günahlandırıb: “Futbolçu həm də baş məşqçiyə görə meydanda can qoyur. Baş məşqçi istər klubda, istərsə də yığmada ailə formalaşdırır. Ailədə söz də olar, amma daxildə qalar. De Byazi bundan sonra futbolçuların üzünə necə baxacaq? Neçə ildir burada çalışır, o uşaqlarla oturub-durur. Baş məşqçinin işi oyunçularına ürək-dirək verməkdir, onları sözləri ilə “sındırmaq” deyil. De Byazi birinci özünə ürək-dirək verməlidir. Hələ fəxr eləməlidir ki, azərbaycanlı uşaqlarla işləyir”.
75 yaşlı mütəxəssisin fikrincə, Canni de Byazinin bundan sonra Azərbaycana gəlməsinin heç bir mənası yoxdur: “De Byazi Bakıya gələndən sonra deyəcək ki, o cür müsahibə verməmişəm, səhv yazıblar. Belə hallar olub. Biz də gəlişini gözləyirik. Hətta belə fikirlərdən sonra bura gələcəyinə inanmıram. Sözündən də belə çıxır. Məndən olsa heç gəlməsin. Çünki bu cür danışmaq biabırçılıqdır. Onu peşəkar saymaq istəmirəm. Çünki peşəkar məşqçi belə hərəkət eləmir”.
Qeyd edək ki, Canni de Byazi Azərbaycan milli ilə bağlı danışarkən komandada xarakter problemi olduğunu və ruhunu qorxaq kollektivə verə bilmədiyini söyləyib.