Aleksey İsayev: "Hamı Rəşad Sadıqovun milliyə baş məşqçi təyin olunmasına sevinər" - MÜSAHİBƏ
28.11.2021 - 16:14
Aleksey İsayev: "Hamı Rəşad Sadıqovun milliyə baş məşqçi təyin olunmasına sevinər" - MÜSAHİBƏ

“Sabah”ın futbolçusu Aleksey İsayev sportal.az saytına müsahibə verib. 

Apasport.az xəbər verir ki, Premyer Liqanın 11-ci turu çərçivəsində "Keşlə" ilə matçda komandasının qollarından birini vuran İsayev "Sabah"ın məqsədlərindən söz açıb. 

- “Keşlə” ilə matçda qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə alındı?
- “Keşlə” elə-belə komanda deyil. Onlara qarşı oyunlar hər zaman ağır keçir. İlk yarı demək olar ancaq bizim üstünlüyümüz şəraitində keçdi. İkinci yarıda bir az çətin oldu. İşləməyə davam edəcəyik. Ki, “Keşlə” ilə matçın 2-ci hissəsindəki kimi vəziyyətlər olmasın.

- Bu oyunda da qol vurmağı bacardın. Yəqin ki, vurduğun hər qol sənə daha çox özünəinam qazandırır? 
- Mənim üçün vacib olan komandanın qalib gəlməsidir. Doğrudur, qol vurmaq xoşdur. Lakin dediyim kimi mənim üçün öncə vacib olan komandamın qələbə qazanmasıdır.

- “Sabah” Murad Musayevin rəhbərliyi altında meydana çıxdığı oyunlarda uduzmayıb. 2 matçı qalib başa vurub, birində heç-heçə etmisiniz. Musayev nəyi dəyişib?
- Baş məşqçimizin dediklərini yerinə yetirməyə çalışırıq. Məşqlərdə hər gün işləyirik ki, oyunlarda uğurlu nəticələr qazanaq.

- Hazırda komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu mövqedə qərarlaşmaq sizi razı salır, yoxsa avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq istəyirsiniz?
- Biz bir oyun başa çatdıqdan sonra növbəti oyunu fikirləşəcəyik. Arxaya baxmayacağıq. Sadəcə işləməyə davam etmək lazımdı.

- Premyer Liqanın 12-ci turunda “Sabah”ın rəqibi “Qarabağ” olacaq. Səfərdə onları məğlub etmək sizin üçün realdır?
- “Qarabağ” çox güclü və balanslı komandadır. Onlara qarşı oyunlar hər zaman maraqlı keçir. “Qarabağ”la oyuna yaxşı vəziyyətdə yanaşmağa çalışacağıq. “Qarabağ”la oyunda yalnız qələbə üçün oynayacağıq.

- “Neftçi” və “Qarabağ” klublarından birinə keçəcəyinlə bağlı xəbərlər dolaşır. Bu komandalardan birinə keçidin baş tutacaq?
- Mən hazırda “Sabah”ın futbolçusuyam. Vəzifəm yaxşı futbol göstərmək və komandanın məqsədlərinə çatmasına kömək etməkdir. Daha sonra necə olacağını görəcəyik. 

- Milli komandamızın da üzvüsən. Son vaxtlar yığmamızın gələcək baş məşqçisinin kim olacağı müzakirə edilir. Futbolçular arasında da Rəşad Sadıqovun millimizi çalışdırmalı olduğunu deyir. Sənin namizədin kimdir?
- İşim futbol oynayıb milliyə kömək olmaqdı. Kim olacaqsa, o da olacaq. Sırf Rəşad Sadıqov haqda danışsaq, düşünürəm ki, mən də daxil olmaqla hamı onun baş məşqçi təyin olunmasına sevinərdi.