"Qarabağ"ın transfer gündəmində olan "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukun Türkiyə klublarına keçidi son anda baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, "Çaykur Rizəspor" və "Sivasspor"dan təklif alan futbolçu atasının səhhətində problem yaranması ucbatından İstanbulda qalmaq qərarına gəlib.
Son gündə "Beşiktaş" onunla maraqlansa da, "ağ-qaralar" yalnız azad agent kimi futbolçunu heyətinə qata biləcəyini vurğulayıb. Buna isə "sarı-lacivərdlilər" razılıq verməyiblər.
Ciddi maliyyə problemi yaşayan "Fənər" 1,2 milyon avroluq maaş alan Alperin sözləşməsini mövsümün əvvəlində dondurmuş və maaşını endirmişdi. Türkiyə millisinin üzvünün qış fasiləsində komandasını dəyişəcəyi gözlənilirdi. Lakin 29 yaşlı oyunçu atasının xəstəliyinə və yüksək maaşa görə, komandada qalmağı üstün tutub.
Türkiyə mətbuatı futbolçunun mövsümün sonuna qədər "Fənərbaxça"da qalacağını yazsa da, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən "Səbail"lə çempionat matçından sonra təşkil edilən mətbuat konfransında danışıqların davam etdiyini vurğulamışdı.
Hər halda, oyunçunun "Beşiktaş"a havayı keçməsinə razı olmayan İstanbul nəhənginin onu "Qarabağ"a da təzminatsız buraxması gözlənilən deyil. Üstəlik, Alperin yüksək məvacibi də Azərbaycan çempionu üçün vəziyyəti qəlizləşdirir.
Qeyd edək ki, Azərbaycanda "transfer pəncərəsi" bu gün bağlanacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı