Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov ifadə verib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, evindən oğurluq edilən gün rayonlardan birində istirahətdə olub. Təqsirləndirilən şəxslər tərəfindən evindən 5 min manatlıq oğurluq edilib: "Evə qayıdanda qapının açıq olduğunu gördüm. İçəri daxil olanda yataq otağımda pastelin üstündə xüsusi ip gördüm. Evdən qızıl, şuba və saatlar aparıblar. Qanunun tələbinə uyğun olaraq dəymiş ziyanın ödənilməsini istəyirəm".
Sabiq futbolçunun "həmin gün evdə uşaqlar olsaydı, necə olacaqdı?" sualına alpinistlər "adam olan evə girmirdik", - deyə cavan veriblər.
Qeyd edək ki, veteran futbolçu Ceyhun Sultanov bir müddət "Neftçi" və "Keşlə"nin idman direktoru olub.
Proses martın 10-da davam etdiriləcək.