“Mən hələ 2008-ci ildə “Metallurq”da olarkən bu komandanın Ailton, Yordi Kroyf kimi tanınmış futbolçuları var idi. Ancaq orada çox qalmadım, Azərbaycana yollandım”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç Ukrayna mətbuatına müsahibəsində deyib.
Hazırda Ukraynada “Minay” klubunun formasını geyinən 28 yaşlı qolkiper Azərbaycanda keçirdiyi illəri də yada salıb.
- Azərbaycanda çox klub dəyişmisiniz. “Bakı”, “Sumqayıt”, “Turan”, “Qəbələ”... Bu komandalar hansı səviyyədə idi?
- Ən çox oyun təcrübəsi “Sumqayıt”da qazandım. Bu klubu hər hansı bir Ukrayna komandası ilə müqayisə etmək çətindir. Çünki “Sumqayıt”ın fəlsəfəsi sırf Azərbaycan pasportu olan oyunçularla oynamaqdan ibarətdir. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparsalar da, son illər uğursuz oldular. “Bakı”nın heyətində oyun keçirmədim, daim başqa klubda icarədə oldum. Klubun böyük büdcəsi var idi. Ona görə də qrup şəklində çox sayda əcnəbi futbolçular gətirirdilər və mənə heç vaxt şans vermədilər. “Turan”da çətin idi, çünki rayonda qalırdıq. Komanda bazada yaşayıb, orada məşq edirdi. Getmək, gəzmək üçün yer yox idi. Komanda yaşamaq uğrunda mübarizə aparırdı, maliyyə ilə bağlı problemləri var idi. Bu klubların heç birini incitmək istəmirəm, ancaq “Qəbələ”də özümü əsl peşəkar səviyyədə hiss etdim. Roman Qriqorçuk futbolçulardan və məşqçilərdən klub işçilərinə gedən yolu açdı. Rəhbərlik ona böyük hörmətlə yanaşırdı. Komanda müvafiq nəticə verirdi. Yalnız orada oyunumun alınmamağı üzücü oldu.
- Sovet dönəmindən bəri aqressiv “Neftçi” fanatları haqda inanılmaz hekayələr eşitmişik. Qonaqlar üçün Bakıda oynamaq asan olmurdu. Azərbaycanlılar indi futbola necə yanaşırlar?
- Bu barədə çox oxumuşam, köhnə videolara baxmışam. İndi oyuna əvvəlki qədər çox getmirlər. Bunu Azərbaycanın aparıcı futbol bölgələrində çox az komandanın olması ilə əlaqələndirərdim. 8 klubun az qala hamısı Bakıda olur. Bölgələrdə isə insanlar hələ də futbolu çox sevirlər. Rayonda oyun olanda hamı komandanı dəstəkləməyə gəlir. Azərbaycanlılar istiqanlı insanlardır. Meydana nə gəldi atırlar. Bunsuz olmur. Amma mənə deyirdilər ki, bu hələ “jurnaldır”. Bildirirlər ki, azarkeşlər meydana axışanda aləm qarışır, sifətindən belə zərbə alırsan. Maraqlısı da budur ki, buna görə, heç kim cəzalandırılmır.
- Sizin haqqınızda yazarkən Azərbaycan millisinin sabiq qapıçısı deyirlər. Bu təcrübə barədə danışardınız...
- Azərbaycanda əsas milliyə qədər bütün aşağı yaş qrupu üzrə komandalarında yer aldım. Əsas yığmanın yalnız yoldaşlıq görüşlərində oynadım, rəsmi matçlarda isə ehtiyatda oturdum.
- Həmin vaxt yığmaya kim rəhbərlik edirdi?
- Mənə əvvəlcə Berti Foqts, sonra isə Robert Prosineçki dəvət göndərdi. Hər iki məşqçi ilə bağlı xatirələrim yalnız müsbətdir. Hiss olunurdu ki, onlar futbol əfsanəsidir. Foqtsun məni ilk dəfə milliyə dəvət etdiyi, hamının gözü qarşısında təriflədiyi zaman yaşadığım xoşbəxtliyi hələ də xatırlayıram. Bunu dünya çempionundan eşitmək çox xoş idi. Foqts haqqında çox şey yazılırdı. Deyirdilər ki, çoxlu pul alır, amma heç nə etmir. Bu, doğru deyildi. Komandanın oyununu inkişaf etdirmək üçün çox çalışdı. “Hücum futbolu oynamaq üçün düzgün oyunçu tapmıram” deyirdi. Rəqibini qapıdan uzaqlaşdıraraq nəticə qazanmaq istəyirdi.
- Azərbaycana qayıtmaq şansınız var?
- Kubok oyununu yüksək səviyyədə keçirdiyim üçün lovğalanmıram. Birinci dövrəni təhlil edirəm, necə oynadığıma baxıram. Ola bilsin orada kimsə məni incidib, ya da nə isə... Üzərimdə çalışmağa davam edəcəm. Sonra oradan zəng gələ bilər. Bəziləri Ukrayna birinci liqasına şübhə ilə yanaşa bilər. Ancaq əmin olun ki, buradakı intriqa Azərbaycan Premyer Liqasından aşağı deyil. Yeri gəlmişkən, Azərbaycan millisinə yeni baş məşqçi axtarırlar. Bundan sonra nəsə dəyişə bilər.