Azərbaycan klubları 2022-ci ildə Antalyada keçirilən yoxlama oyunlarında qələbəyə həsrətdir.
Apasport.az saytının məlumatına görə, qələbəsizlik artıq 4 matça çatıb.
Bu gün “Sumqayıt” Polşa “Yagelloniya”sı ilə qarşılaşmada qolsuz heç-heçə edib. Bu, təmsilçilərimizin Türkiyədəki 4-cü matçda 3-cü sülhü olub.
Dünən “Neftçi” “Kişvarda” (Macarıstan) ilə 2:2, “Qarabağ” isə “Qaz Metan”la (Rumıniya) 0:0 hesablı bərabərliyə imza atıb. Heç-heçə bitməyən yeganə qarşılaşma daha məhsuldar alınıb. İki gün öncə “Zirə” “Peç”ə (Macarıstan) 3:5 hesabı ilə uduzub.
Qeyd edək ki, qələbəsiz seriyanı bu gün “Pakş”la görüşəcək “Sabah” qıra bilər.