21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi seçmə mərhələlərdəki uğursuz seriyasını davam etdirib.
Apasport.az saytının məlumatına görə, serbiyalı Milan Obradoviçin baş məşqçisi olduğu yığma ardıcıl 5-ci məğlubiyyətini alıb.
Bu, AVRO-2023-ün ilk seçmə oyununda gerçəkləşib. Komandamız Xorvatiyada meydan sahiblərindən zəif olub – 0:2.
Ötən seçmə mərhələnin son 4 görüşü də yığmamıza xal gətirməyib. Millimiz Fransa, Slovakiya (hər ikisi 1:2), Gürcüstan (0:1) və İsveçrəyə (1:2) uduzub.
Son 5 matçda məğlubiyyətləri sıralayan millinin xal qazanmasına axırıncı dəfə 2019-cu il noyabrın 14-də təsadüf olunub. Həmin gün yığma Lixtenşteyni bir qolla məğlubiyyətə uğradıb.
Qeyd edək ki, millimiz sentyabrın 7-də səfərdə Avstriya ilə qarşılaşacaq.