Azərbaycan millisinin məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Amsterdamda baş tutan UEFA Millətlər Liqasının püşkatma mərasimindən sonra yer aldığınız qrupa reaksiya necə idi?
- Açığı, hər ölkənin nümayəndələri ayrı-ayrı oturduğundan, rəqiblərin hansı reaksiyanı verdiklərini izləmirdik. Sonradan onlarla ünsiyyət də olmadı. Həmçinin Amsterdamda olan AFFA rəhbərliyi də bu barədə söhbət etmədi. Bu haqda fikir yürütmək üçün ilk növbədə baş məşqçi müəyyənləşməlidir. Yeni çalışdırıcı ilə məqsədlər, hansı strategiyanın əsas tutulacağı müzakirə olunmalıdır.
- Kipr və Monteneqro cəbhəsində bir növ özündənrazı fikirlər səsləndirilir. Siz də püşkatmanın nəticəsinə sevinənlərdənsiniz?
- Ola bilsin, fikirləşirlər ki, Azərbaycan düşüb, rahat udacaqlar. Ancaq futbolda hər şey meydanda həll olunur. Düzü, rəqiblərin açıqlamalarından xəbərim yoxdur. Əgər belə fikirlər varsa, bu, həm rəhbərliyi, həm də futbolçuları bir az da qıcıqlandırmalıdır ki, bizə yuxarıdan aşağı baxanları cəzalandıraq. Bu, bizim üçün əlavə stimul, motivasiya olar. Qoy haqqımızda belə düşünsünlər.
- Rəqiblərin ölkə xaricində çıxış edən kifayət qədər legioner futbolçuları var. Özlərini favorit kimi göstərməyə haqları yoxdurmu?
- Bizim mənfi cəhətlərimizdən biri futbolçularımızın legioner həyatı yaşamamaları, Azərbaycandan kənara çıxmamalarıdır. Biz niyə oyunçularımızın xaricə çıxmalarını istəyirik? Çünki oradakı çempionat, ab-hava Avropa futboluna daha yaxındır. Biz də istəyirik ki, həmin ölkələrə getsinlər, milliyə də gələndə hazır vəziyyətdə olsunlar. Məsələn, Xorvatiya yığmasının baş məşqçisi heyəti yığanda əlavə nəsə fikirləşmir. Bilir ki, oyunçular hazır gəliblər, yüngül, taktiki məşqlərlə komandanı oyuna çıxarır. Bəs biz nəyə görə yığmanın toplanış müddətini bir qədər uzun edirik? Çalışırıq əlavə məşqlərlə fiziki durumlarını və digər özəllikləri həmin səviyyəyə gətirib çatdıraq. Buna görə də, oyunçularımızın xaricə çıxmaları yaxşı olardı. Amma əlimizdə olanlara baxıb deməyəcəyik ki, futbolçular legioner həyatı yaşamırlar, təslim olmalıyıq. Uşaqlar üçün elə bu da stimuldur. Millətlər Liqasındakı oyunlarda özlərini yaxşı tərəfdən göstərib, xarici klubların diqqətini cəlb edə bilərlər.
- Azərbaycan millisi qrupda favorit, yoxsa autsayderdir?
- Mən yığmamızı autsayder kimi görmürəm. Dörd komandanın hamısının birinci yeri tutmaq şansı var. Rəqiblər kimi, biz də düşünürük ki, onlarla mübarizə apara bilərik. Hər şey meydanda həll olunur. Kim daha hazırlıqlı, daha yaxşı köklənmiş durumda olacaqsa, o da istədiyi nəticəni qazanacaq. 6 oyundan ibarət mübarizə olacaq. Strategiyanı da elə qurmaq lazımdır ki, sonda məqsədə çata bilək.
- Düşünmürsünüz ki, yeni baş məşqçi təyinatı gecikir?
- Əlbəttə, yaxşı olardı ki, baş məşqçi dekabr və ya yanvar ayında müəyyənləşərdi. Antalyada təlim-məşq toplanışı keçirib. futbolçuları izləmək, bir neçə yoldaşlıq görüşü keçirmək olardı. Belədə ilkin təəssürat yaranardı və qarşıdakı iki oyun üçün heyəti müəyyənləşdirmək nisbətən asanlaşardı. Amma yenə də vaxt var. Məsələn, ötən il Nikola Yurçeviç oyunlara bir ay qalmış işə başladı, biz də qısa müddət sonra Xorvatiya ilə oyuna yollandıq. İndi isə vaxt var, Millətlər Liqası hələ sentyabrda başlayacaq. Bu baxımdan hesab edirəm ki, hələ gec deyil. Əsas odur ki, yeni baş məşqçinin komandanı tanımağa, yoldaşlıq görüşlərində istədiyi oyun üslubunu formalaşdırmağa, kollektivini qurmağa vaxtı olacaq.
- Amsterdamda bununla bağlı hansısa söhbət oldumu?
- Xeyr, heç bir söhbət olmadı. Biz yalnız püşkatmada görüşdük və qrupla tanış olduq.
- Son günlər yenidən yerli məşqçi məsələsi gündəmə çıxarılır, xüsusən də, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun adı hallanır. Buna münasibətiniz necədir?
- Bu barədə hansısa fikir bildirmək doğru olmaz. Hamımız Rəşadı tanıyırıq. O, bu sualın cavabını daha yaxşı bilər. İctimaiyyət arasında yayılan söhbətdir. Real olub-olmadığını bilmirəm və buna biz qərar vermirik. Rəşada futbolçu kimi böyük hörmətimiz var, hazırda da “Qarabağ”a köməyi dəyir. Baş məşqçi məsələsində buna özü özünü hazır saymalıdır. Çünki məşqçilik bir qədər fərqlidir. Mütləq təcrübə olmalıdır. Ancaq dünya futbol praktikasında belə hallar çox olub. Futbolçu karyerasını bitirən kimi, klubda baş məşqçi kimi fəaliyyətə başlayıb. Milli səviyyəsində belə bir hadisənin olub-olmadığından xəbərsizəm.
- Variantlar arasında sizin də adınız çəkilir. Millini qəbul edib, Millətlər Liqasında uğurlu nəticə qazanmağa hazırsınızmı?
- Azərbaycan futboluna xidmət etmişik, bundan sonra da üzərimizə düşəni yerinə yetirməyə hazırıq. Ümumiyyətlə, hər bir azərbaycanlı məşqçi üçün milli komandada işləmək şərəfdir. Vaxtilə baş məşqçi olmağıma baxmayaraq, köməkçi-məşqçi kimi çalışmaq da mənim üçün fəxrdir. Çoxları deyə bilər ki, baş məşqçi olub, niyə indi köməkçi işləyir? Amma milli elə bir nöqtədir ki, orada hansısa vəzifədə sənə ehtiyac varsa, mütləq qəbul etməlisən.