Azərbaycan klublarının rəqibləri: İkisi getdi, altısı gəldi
05.03.2022 - 13:40
Azərbaycan klublarının rəqibləri: İkisi getdi, altısı gəldi

Rusiya komandalarının bütün beynəlxalq yarışlardan kənarlaşdırılması Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək.

Apasport.az saytının məlumatına görə, hər iki turnirdə ölkələrin klub bölgüsü dəyişib. 

Bu, Azərbaycan komandalarına birbaşa təsir etməsə də, mümkün rəqiblərin siyahısında əksini tapıb.

Avropa Liqasındakı dəyişikliklər kubok sahibləri ilə bağlıdır. Pley-offda Rusiyanı Türkiyə təmsilçisi əvəz edəcək. Qardaş ölkə təmsilçisinin qatılmalı olduğu III təsnifat mərhələsində oynamaq hüququ isə Serbiyaya verilib. Hərçənd balkanlılar öncədən Konfrans Liqasının II təsnifat mərhələsində oynamalı idi.

Qitənin üçüncü dərəcəli klub turnirində dəyişikliklər daha çoxdur. Rusiyanın üçüncüsü III, dördüncüsü II təsnifatdakı yerini itirib.

Əvəzində Çexiya kubokunun sahibi II deyil, III təsnifatda oynamaq imkanı əldə edib. Polşa, Sloveniya, Slovakiya, Lixtenşteyn, Litva və Lüksemburqda kuboku qazanan komandalar 1-ci raunddan azad olub. Bu 6 komanda I deyil, II təsnifatda oynayacaq.

Azərbaycanın II təsnifat mərhələsindən yarışa qatılacaq təmsilçilərinin yeri dəyişməz qalıb. Lakin qeyd olunan 6 yeni komanda birbaşa mümkün rəqiblər sırasına qoşulacaq. Serbiya və Çexiya klubları isə bu raundda rəqib olmayacaq.
 

0