Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr millisinin müdafiəçisi Andreas Karo gələn mövsümdən A seriyasında çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun “Salernitano” klubundakı uğurlu oyunu “Latsio” rəhbərliyinin diqqətini cəlb edib.
Paytaxt təmsilçisi ötən ilin yayında “Apollon”dan transfer edib, “Salernitano”ya icarəyə verdiyi mərkəz müdafiəçini yayda geri qaytaracaq. B seriyasında 23 matçda meydana çıxan və 1 qola imza atan Karonu “Latsio” gələn mövsümdən heç yerə icarəyə verməyəcək, komandada saxlayacaq. Bu isə o deməkdir ki, oyunçu Millətlər Liqasının startı zamanı artıq “Latsio”nun üzvü kimi yığmaya çağırılacaq.
Qeyd edək ki, millimiz Kiprlə ilk oyununu II tur çərçivəsində sentyabrın 8-də səfərdə keçirəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 12 oktyabr tarixində olacaq.