Zaqreb “Dinamo”suna keçən Mahir Emreli Xorvatiyada legioner həyatı yaşayan ilk azərbaycanlı futbolçu olub.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçuya qədər heç bir həmyerlimiz sabiq Yuqoslaviyanın bu ölkəsinin yüksək dəstəsində çıxış etməyib.
Lakin Emreli yalnız Azərbaycan futbolunun yetirmələri arasında birincidir. AFFA-nın milliləşdirdiklərini nəzərə alsaq, forvard Xorvatiya liqasındakı 3-cü təmsilçimiz olacaq.
Onlardan biri elə xorvatiyalıdır. AFFA-nın azərbaycanlılaşdırdığı Filip Ozobiç əsl vətənində “Hayduk” (2011-13) və “Slaven”in (2013-16) formasını geyinib.
Xorvatiyada çıxış edən digər azərbaycanlı da legionerdir. Bu, rusiyalı Ruslan Qurbanovdur. O, 2014-15-ci illərdə “Hayduk”un şərəfini qoruyub.
Qeyd edək ki, Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.