Bakıda oynadı, Bakı klubunun potensial rəqibi oldu – Azərbaycana gəlməyəcək
12.07.2021 - 14:15
Bakıda oynadı, Bakı klubunun potensial rəqibi oldu – Azərbaycana gəlməyəcək

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionu Çexiya millisinin qapıçısı Tomaş Vaçliki heyətinə qatıb.

AVRO-2020-də Çexiya millisinin qapısını qoruyan və komandasının 1/4 finala qədər irəliləməsində böyük rol oynayan 32 yaşlı qolkiper “Sevilya”dan ayrıldığı üçün “Olimpiakos”a azad agent kimi keçib. Vaçlik artıq tibbi müayinədən keçib və gün ərzində yeni klubu ilə 2+1 illik müqavilə bağlayacaq. Onun illik maaşı 1 milyon avro olacaq.

Lakin Vaçlik Çempionlar Liqasının II təsnifat mərhələsində çərçivədəki yerini tutmayacaq. Çünki qolkiper qitə birinciliyindəki iştiraka görə bir müddət istirahət edəcək və yalnız III raunddan komandaya qoşulacaq. Bu isə o deməkdir ki, “Neftçi” Tbilisi “Dinamo”sunu üstələsə, iyulun 3-də Danimarka ilə Bakıdakı matçda meydana çıxan qapıçı bu dəfə Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Gürcüstanda “Dinamo” üzərində 2:1 hesablı qələbə qazanan “Neftçi” iyulun 14-də rəqibini “Bakcell Arena”da qəbul edəcək. Bu cütün qalibi iyulun 21-də “Olimpiakos”un qonağı olacaq.
 

0