İngiltərəli sabiq futbolçu Peter Uittinqem ölüm ayağındadır.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi komaya düşüb.
Buna səbəb “Kardiff”in əfsanəvi oyunçusunun Kardiff yaxınlığındakı barlardan birində yıxılaraq huşunu itirməsi olub. Təcili tibbi yardım maşını onu xəstəxanaya apardıqdan sonra Uittinqemin öldüyü barədə məlumat yayılsa da, sonradan bu, təkzib olunub. Ancaq həkimlər “Aston Villa”nın yetirməsinin ölümlə mübarizə apardığını, vəziyyətinin ağır olduğunu söyləyiblər.
Qeyd edək ki, karyerasını 2018-ci ildə “Blekbern”in heyətində başa vuran Peter Uittinqem 2007-2017-ci illərdə “Kardiff”dəki çıxışı ilə tanınıb. O, bu klubun heyətində 400-dən çox matçda iştirak edib.