Baş məşqçilik edən sabiq “Barselona”lılar
28.11.2021 - 15:04
Baş məşqçilik edən sabiq “Barselona”lılar

Tarix boyu saysız-hesabsız ulduz futbolçu yetişdirən “Barselona”nın bir çox üzvü karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.

Apasport.az saytının məlumatına görə, vaxtilə kataloniyalıların şərəfini qorumuş 6 mütəxəssis hazırda baş məşqçi kimi fəaliyyət göstərir.

Onlar arasında yenicə məhz kataloniyalılara baş məşqçi təyin olunan Xavi Ernandes də var. Xavi ilə yanaşı, hazırda baş məşqçi kimi çalışan “Barselona”nın sabiq vacib futbolçularını təqdim edirik.

1. Xavi Ernandes - “Barselona”
Kataloniya klubunun əfsanəvi futbolçusu məşqçilik karyerasına Qətər təmsilçisi “Əl-Sədd”ə başlayıb. “Əl-Sədd”in sükanı arxasında 2 il ərzində 7 kubok qazanan gənc mütəxəssis aşağı yaş qruplarında yetişdiyi “Barselona”ya qayıtdı.

2. Pep Qvardiola – “Mançester Siti”
“Barselona” akademiyasından yetişib, 10 il bu komandanın formasını geyinən Qvardiola baş məşqçiliyə də məhz kataloniyalılarda başlayıb. “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə saysız-hesabsız titullar əldə edən ispaniyalı hazırda dünyanın ən yaxşı məşqçilərindən sayılır.

3. Tyaqo Motta – “Speziya”
Braziliyalı Motta erkən yaşda İspaniyaya köçərək “Barselona” akademiyasına cəlb olunub. 2001-2007-ci illərdə La Liqa təmsilçisinin formasını geyinən Tyaqo daha sonra “Atletko”, “Cenoa”, “İnter” və PSJ-nin şərəfini qoruyub. İtaliyada olduğu müddətdə yerli vətəndaşlıq alan 39 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk klubu “Cenoa” olub. O, hazırda “Speziya”nın sükanı arxasındadır.

4. Luis Enrike - İspanya millisi
1996-cı ildə “Real”ı “Barselona”ya dəyişən Luis Enrike karyerasının sonuna qədər orada oynayıb. Məşqçilik karyerasına da “Barselona”nın B komandasında başlayan çalışdırıcı ardından “Roma” və “Selta”da da çalışıb. Əsas uğurunu “Barselona” ilə əldə edən 51 yaşlı məşqçi komandaya 2 dəfə La Liqanı, 1 dəfə isə Çempionlar Liqasını qazandırıb. “Barsa”dan ayrıldıqdan bəri isə İspaniya millisinə başçılıq edir.

5. Silvinyo – “Korintians”
Silvinyo 2004-2009-cu illərdə “Barselona”da müdafiənin sol cinahında çıxış edib. Karyerasını bitirdikdən sonra uzun müddət köməkçi kimi fəaliyyət göstərib, 2019-cu ildə isə “Lion”un baş məşqçisi təyin olunub. Fransada uğursuz dönəm keçirən Silvinyo mayda ölkəsinin komandalarından “Korintians”ın sükanı arxasına keçib.

6. Covanni van Bronkhorst – “Reyncers”
2004-2007-ci illərdə “Barsa” formasını geyinən niderlandlı məşqçilik karyerasına uzun illər heyətində oynadığı “Feyenoord”da başlayıb. Ötən il Çin klubu “Quanqju Siti”yə keçən van Bronkhorst bu günlərdə Stiven Cerrardın gedişindən sonra “Reyncers”ə təyin olunub.