Belçikadan ayrılmağının səbəbi bilindi - "Qəbələ"nin transferinin
06.02.2020 - 10:22
Belçikadan ayrılmağının səbəbi bilindi - "Qəbələ"nin transferinin

"Qəbələ"nin yeni transferi Nikolas Rayselin "Ostende"ni tərk etməsinin səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Belçika klubu qış fasiləsində gözlənilmədən sloveniyalı hücumçunun müqaviləsinə xitam verib, futbolçu da azad agent kimi "Qəbələ" ilə anlaşıb.

Belçika mətbuatı Rayselin "Ostende"də möhkəmlənə bilməməsini bəxtsizliklə əlaqələndirib. 2017-ci ildə "Sent Jilloys"dan transfer edilən 27 yaşlı forvard məhz həmin il diz bağlarından ağır zədə alıb. Ondan sonra uzun müddət kollektivdən ayrı düşən Raysel sağaldıqdan sonra heç cür əvvəlki formasını bərpa edə bilməyib.

Raysel 2018-19 mövsümündə icarə əsasında formasını geyindiyi "Roselar"da daha çox oynamaq şansı əldə edib, 19 matçda 3 qol, 3 assistlə yadda qalıb. Lakin yüksək liqa klubuna qayıtdıqdan sonra əsas heyətə düşə bilməyib. Bunun nəticəsidir ki, cari mövsüm çempionatda cəmi 2 matçda - "Anderlext" və "Zulte-Varegem"ə qarşı iştirak edib. Həmkarlarımız ötən ilin oktyabrından bəri yaşıl meydan üzü görməyən Rayselin toparlanacağı təqdirdə, "Qəbələ"də fayda verə biləcəyini düşünürlər.

Qeyd edək ki, Nikolas Raysel "Qəbələ" ilə 1,5 illik müqavilə imzalayıb.