Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycan Premyer Liqasında III dövrənin yarıdan çoxu arxada qalıb.
Apasport.az saytının məlumatına görə, baş tutan 18 turun 71 oyunundakı qollarla bağlı maraqlı məqamlar diqqət çəkir.
Yalnız “Qarabağ”
Çempionatın lideri “Qarabağ” qol sayında da böyük üstünlüyə malikdir. 17 oyunda 37 top vuran Qurban Qurbanovun komandası orta məhsuldarlığı 2-dən yuxarı olan yeganə klubdur. Digər iştirakçılarda bu rəqəm xeyli aşağıdır. Hərəyə bir oyun çox keçirənlərdən “Qəbələ” 7, “Neftçi” 9, “Zirə” 10 top geri qalır.
Volkov = “Sumqayıt”
Ən az qol vuran komanda isə “Sumqayıt”dır. “Gənclik şəhəri” təmsilçisi 17 matçda 10 qol vurub. Bu, çempionatın bombardiri Davit Volkovun təkbaşına vurduğu qol sayına bərabərdir. Bir hücumçuya bərabər olan “Sumqayıt” kimi “Səbail”in də ön xətti bərbad sayılır. 18 oyunda 12 qol vuran autsayder turnir cədvəlində də sonuncudur.
“11-lik”də “Qarabağ” “kvartet”i
Premyer Liqanın bombardirləri siyahısına baxsaq, 18 turdan sonra cəmi 10 qolun birinci pillədə olmaq üçün yetərli olduğunu görərik. Davit Volkov qış fasiləsindən sonra rəqib qapılarına yol tapmasa da, hələ də zirvədə qalıb.
Ümumilikdə yalnız 11 oyunçu 5 və ya daha çox qola sevinib. Onlardan dördü “Qarabağ”ı təmsil edir. Ağdamlıların “kvartet”i ilə eyni siyahıda “Qəbələ”dən üç futbolçu var. Digər 4 klubun bir nəfərlə təmsil olunduğu “11-lik”də autsayderlər “Sumqayıt”la “Səbail”ə yer tapılmayıb.
1. Davit Volkov (“Zirə”) – 10
2. Filip Ozobiç (“Qarabağ”) – 8
3-4. Coy-Lens Mikels (“Sabah”) – 7
Abdullah Zubir (“Qarabağ”) – 7
5-7. Ülvi İsgəndərov (“Qəbələ”) – 6
Isnik Alimi (“Qəbələ”) - 6
Musa Qurbanlı (“Qarabağ”) – 6
8-11. İbrahima Vadji (“Qarabağ”) – 5
Tiaqo Bezerra (“Neftçi”) – 5
Felipe Santos (“Keşlə”) – 5
Rafael Utziq (“Qəbələ”) - 5
Qurbanlı nümunəsi
Orta məhsuldarlığa görə mövsümün ən yaxşısı Musa Qurbanlıdır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu hər görüşdə 0,60 qola imza atır. 10 matç keçirən gənc hücumçu artıq 6 dəfə fərqlənib. Çempionatın ən yaxşı bombardiri Davit Volkov da ondan geri qalır.
Ən azı 5 qol vuranların orta məhsuldarlığı:
1. Musa Qurbanlı (“Qarabağ”) - 0,60
2. Davit Volkov (“Zirə”) - 0,56
3. Filip Ozobiç (“Qarabağ”) - 0,53
4. İbrahima Vadji (“Qarabağ”) - 0,50
5-6. Coy-Lens Mikels (“Sabah”) - 0,44
Abdullah Zubir (“Qarabağ”) - 0,44
“Neftçi”də hamı vurur
Premyer Liqanın XVIII turu iki futbolçunun qol hesabını açması ilə əlamətdar olub. Azər Salahlı (“Neftçi”) və Kevin Medina (“Qarabağ”) mövsümdə ilk dəfə fərqlənib. Bununla da çempionatda qol sevinci yaşayanların sayı 81-ə çatıb. “Neftçi” bu göstəricidə rekordçudur. Bakılıların 15 üzvü qol vurub. “Sumqayıt” isə hamıdan geridədir.
1. “Neftçi” - 15
2. “Qəbələ” - 12
3-4. “Qarabağ” - 10
“Sabah” - 10
5-7. “Keşlə” - 9
“Zirə” - 9
“Səbail” - 9
8. “Sumqayıt” - 7
Yalnız Mikels
Əvvəlki mövsümlər ərzində bir neçə qol seriyasına rast gəlinirdi. Lakin cari çempionatda yalnız bir dəfə eyni futbolçu ardıcıl 3 turda qol sevinci yaşayıb. Bu rekord seriyanın müəllifi Coy-Lens Mikelsdir. “Sabah”ın legioneri 9-11-ci turların qəhrəmanı olub. O, bu qarşılaşmalarda ümumilikdə 5 dəfə fərqlənib. Əvvəl bir qola sevinən Mikels növbəti iki turda dublları sıralayıb.
Qol həsrətində olanlar
Elə futbolçular var ki, 18 turda 15 və ya daha çox oyun keçirsə də, qol həsrətinə son qoymayıb. Antirekord Elvin Camalova məxsusdur. “Sabah”ın futbolçusu 18 turun hamısında iştirak etsə də, fərqlənməyib. Lakin 15 və daha çox matçda qolsuz qalanların hamısı müdafiəçi və yarımmüdafiəçilər olduğundan onların qarşısına qol vurmaq tələbi də qoyulmur.
1. Elvin Camalov (“Sabah”) - 18
2-5. Stefan Vukçeviç (“Qəbələ”) - 16
Rüfət Abdullazadə (“Sumqayıt”) – 16
Səbuhi Abdullazadə (“Sumqayıt”) – 16
Vüqar Mustafayev (“Sumqayıt”) – 16
6-10. Omar Hani (“Qəbələ”) - 15
Cavid Tağıyev (“Səbail”) – 15
Ədilxan Qarəhmədov (“Səbail”) – 15
Hacıağa Hacılı (“Zirə”) – 15
Turan Vəlizadə (“Keşlə”) - 15
Belə hücumçu olar?
Amma hücumçular arasında da qol vurmağı unudanlar var. Mövsümün gedişində qol vurmayan üç forvard var ki, oyunların ən azı yarısında iştirak edib. Onların da ikisi “Sabah”ın üzvüdür. Özü də Mixeil Erqemlidze legionerdir. Qol vurmayan legioneri gətirməyin hansı məqsəd daşıdığını yəqin ki, yalnız klubdakıların özü bilir. Onun kimi “Sumqayıt”ın forvardı Xəzər Mahmudov da 11 matçda oynasa da, fərqlənə bilməyib. “Sabah”ın digər üzvü Camal Cəfərov isə 9 belə görüş keçirib.
71 oyunda 186 qol
18 turun baş tutan 71 oyununda 186 qol vurulub. Orta məhsuldarlıq 2,62-yə bərabərdir. Qollardan 104-nə meydan sahibləri, 82-nə qonaqlar imza atıb. Onların məhsuldarlığı müvafiq olaraq 1,46 və 1,16-ya bərabərdir. Qollardan 79-u birinci, 107-si ikinci hissədə vurulub. Fasiləyədək 1,11 olan məhsuldarlıq 1,51-ə yüksəlib.
Fəhmindən ilk şans
Cari mövsümdə heç bir futbolçu iki klubun heyətində qol vurmayıb. Düzdür, iki klubda oynayanlardan üçü rəqib qapısına yol tapıb. Lakin onların üçü də komandalarından birində fərqlənib. “Sabah”ı “Zirə”yə dəyişən Coşqun Diniyevlə “Keşlə”dən “Neftçi”yə keçən Azər Salahlı məhz ikinci komandalarından rəqib qapısına yol tapıb. Onlardan fərqli Fəhmin Muradbəyli ilkə imza atmaq imkanına malikdir. “Neftçi”də qol vurmuş oyunçu “Keşlə”də hələ fərqlənməyib. O, indiki klubunda da qol vursa, mövsümün iki komandada qol vuran yeganə futbolçusu olacaq.
Siftə sevinci
Premyer Liqada qol hesabını cari mövsüm açanlar da xüsusi vurğulanmalıdır. Mamadu Kane (“Neftçi”) 61, Murad Musayev (“Qəbələ”) 53 oyunluq Premyer Liqa karyerasında ilk topu cari çempionatda vurub. Qol hesabını 34-cü görüşündə açan Kevin Medina (“Qarabağ”) da siftəsini gec reallaşdıranlardandır. Aktivində 31 oyun olan Höccət Haqverdi (“Sumqayıt”) də ilk qolunu bu mövsümdə vurub.
Hələ gözləyənlər
Lakin hələ də Premyer Liqada qol həsrəti sürən oyunçular da qalmaqdadır. Onlar arasında antirekord Elvin Camalova məxsusdur. O, karyerasında 172 matça çıxsa da, qol vurmayıb. Ümumiyyətlə 30 və daha çox görüşdə belə həsrət yaşayanların sayı 8-ə bərabərdir.
1. Elvin Camalov (“Sabah”) - 172
2. Hacıağa Hacılı (“Zirə”) - 53
3. Rafael Məhərrəmli (“Keşlə”) - 44
4. Eltun Turabov (“Sumqayıt”) - 43
5-6. Elçin Rəhimli (“Səbail”) - 36
Ruslan Hacıyev (“Səbail”) - 36
7. Rüfət Abdullazadə (“Sumqayıt”) - 34
8. Turan Vəlizadə (“Keşlə”) - 33
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur