Cavid Hüseynov: "Yerlər hələ çox dəyişəcək" - MÜSAHİBƏ
15.02.2020 - 12:32
Cavid Hüseynov: "Yerlər hələ çox dəyişəcək" - MÜSAHİBƏ

"Zirə"nin kapitanı Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XVI turunda "Sumqayıt"la görüşdə iki futbolçunuz qırmızı vərəqə aldı və meydanı məğlub tərk etdiniz. Həmin yenilgidən sonra komanda özünə gələ bilib?
- "Sumqayıt"a qalib gəlməyi çox istəyirdik. Çünki bu komanda ilə 4-5-ci yerləri bölüşürdük. Turnir cədvəlində onlardan uzaqlaşmaq istəyirdik, amma təəssüf ki, uduzduq. Çalışacağıq ki, növbəti turlarda qələbələri sıralayaraq istəyimizə nail olaq.

- Bu gün XVII tur çərçivəsində "Qarabağ"la qarşılaşacaqsınız. Çempionatın liderini evdə məğlub edə bilərsiniz?
- "Qarabağ"la oyunlar həmişə maraqlı olub. Bu matça da köklənmək çətin deyil. Bunun üçün "Qarabağ"ın adı kifayət edir. Çox maraqlı və bir o qədər də çətin görüş olacaq.

- "Qarabağ"dan Riçard Almeyda, Dani Kintana, Asmir Beqoviç kimi futbolçular ayrıldı. Bu mənada, onlara qarşı indi oynamaq daha əlverişli deyilmi?
- Dediyiniz 3 futbolçunun gedişi ilə "Qarabağ"ın vəziyyətinin pisləşəcəyinə və ya komandanın zəifləyəcəyinə inanmıram. "Qarabağ" elə "Qarabağ"dır və yetərincə oyunçuları var. Hamısı da güclü futbolçulardır.

- Bu komandaya qarşı son matçınız 1:1 hesabı ilə nəticələnmişdi. Həmin oyunu necə xatırlayırsınız və nəticəni təkrarlamaq mümkündür?
- Bəli, 1:1 hesabı ilə başa çatan görüşdə komanda ən yaxşısını etməyə çalışırdı. Sonda 1 xal qazana bilmişdik. Çalışacağıq yenə əlimizdən gələni edək ki, nəticə bizim üçün yaxşı olsun.

- "Zirə" hazırda turnir cədvəlinin 5-ci pilləsindədir. Heç cür 4-cü yerdə stabil qala bilmirsiniz. Ən azı bunu edə biləcəksiniz?
- Turnir cədvəlində 5-ci pillədə olsaq da, qarşıda hələ oyunlar var. Daha da irəli getməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu barədə danışmaq hələ tezdir. Turnir cədvəlində yerlər hələ çox dəyişəcək.

- Bir çox mütəxəssisin adı millimizlə birgə hallanır. Yığma üzvü kimi, sizin də bu məsələyə münasibətiniz maraqlıdır. Yerli, yoxsa əcnəbi mütəxəssislə çalışmağın tərəfdarısınız?
- Biz də hər şeyi yalnız mətbuatdan izləyirik. Ümid edirəm ki, yaxın günlərdə baş məşqçi məsələsi ilə bağlı qərar verilər. Azərbaycan futbolu üçün nə xeyirlidirsə, o da olsun.