Çempionatı məhlə futbolu olmaqdan xilas etdi - AFFA
19.06.2020 - 14:23
Çempionatı məhlə futbolu olmaqdan xilas etdi - AFFA

Düşünərək qərar ver, qərar verdikdən sonra düşünmə.

AFFA dünənki qərarını da uzun-uzadı düşündükdən sonra verdi. Hətta deyərdim ki, bu proses həddindən artıq vaxt aldı.

Futbolsuz qaldığımız 3 ay ərzində hər ağızdan bir söz çıxdı, çempionatın dayandırılmasına ağız büzənlər, asıb-kəsənlər çoxluq təşkil elədi. Həmin çoxluq durmadan təzyiqlər edir, mövsümün bərpasını istəyirdi. Amma nəzərdən qaçırdıqları bir məqam var idi. Operativ Qərargah təkidlə “OLMAZ” deyirdi.

Dərd orasıdır ki, virusun yoluxma sürəti artdıqca çempionatın bərpası tələbi də böyüyürdü. Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da iş, karyera artıq ikinci plana düşüb. Verilən qərarlar, qadağalar yalnız və yalnız sağlamlığa hesablanıb. İnsanlar işdən evə gedərkən belə, əzizləri – valideynləri, övladları ilə görüşmürlər ki, onları riskə atmasınlar. Bir insanın formalaşmasında əsas rolu oynayan təhsilin dondurulduğu, iş yerlərinin bağlanması qorxusunun yaşandığı, ölkənin iqtisadi cəhətdən böyük ziyana uğradığı bir vaxtda futbol çempionatı sizcə, həlli vacib olan problemlər arasında neçəncidir?

Operativ Qərargah həftəsonları ilə bağlı ən sərt karantin rejimini tətbiq etdikdən sonra belə, “çempionatın bərpasına maneə yoxdur” deyənlər oldu. Şəxsən mən bu cür düşünən kəslərə işinin peşəkarı deyə bilmərəm. Çünki bu, həvəskar yanaşmadır. Axı biz məhlədə futbol oynamırıq ki, 2 gün evdə dincələk, sonra yığışıb “uşaqlar getdik futbol oynamağa” deyək. Üç aya yaxın məşqsiz qalan futbolçu 5 günlük həftədə 2 oyun keçirə bilməzdi. Virusa yoluxma riskini qoyaq bir kənara, heç orqanizm buna tab gətirməz. Məşqçilər iki oyun arasında planlı şəkildə məşq proqramı tərtib edirlər, yüklənmənin nə zaman necə olacağını müəyyənləşdirirlər. 20 gün ərzində fasilələr verərək məşq keçən oyunçulara yazıq məşqçi necə məşq proqramı düzəltsin axı?

Hesab edirəm ki, AFFA çempionatın başa çatdırılması qərarını hələ gecikdirdi. Bərpa tarixini açıqlamaq, təqvim qurmaq, Əsasnaməyə saysız əlavələr etmək isə PFL əməkdaşları üçün boş yerə çəkilmiş əziyyət oldu. Axı virusa yoluxma sayının artdığı bir dönəmdə qadağaların davamı qaçılmaz idi. Assosiasiya sanki təzyiqə artıq dözmürdü, onları sabah nələrin gözlədiyini bilə-bilə bərpa qərarını verdi.

Dünənki başa çatdırılma qərarı isə, bəlkə də, AFFA tarixində verilmiş ən doğru qərarlardan biri idi, tam yerində oldu. Təsəvvür edin İcraiyyə Komitəsi “bərpa” deyir və bir neçə saat sonra Operativ Qərargah yenidən açıq havada idman oyunlarının ikihəftəlik qadağan olunduğunu açıqlayır. Belə olsaydı, AFFA yalnız gülünc vəziyyətə düşəcək, “davam, davam” deyə qışqıranlar da bunu düşünülməmiş addım sayıb, tənqidin dozasını artıracaqdılar. Bu mənada AFFA-nın hazırkı rəhbərliyi Operativ Qərargahın mətbuat konfransından bir neçə saat əvvəl mövsümü başa vurmaqla, tək-tük doğru qərarlarından birini verdi.

AFFA sabahı düşünərək qərar verdi. Amma hələ də bu qərarla razılaşmayanlar var. Qərardan sonra düşünmək isə toydan sonra nağara effekti verir.

Ruslan Sadıqov
 

0
AFFA Sabah Azərbaycan Premyer Liqası