Çempionluq matçında “Qarabağ”dan azarkeşlərə jest
02.05.2022 - 17:00
Çempionluq matçında “Qarabağ”dan azarkeşlərə jest

“Qarabağ” azarkeşlərinə jest etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Premyer Liqanın XXV turunda “Sabah”la oyunda bilet satmayacaq.

“Azersun Arena”dakı görüşdə məğlub olmayacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək çempionatın lideri bunu böyük azarkeş kütləsi ilə birlikdə qeyd etmək arzusundadır. Bu səbəbdən qarşılaşmaya giriş biletsiz olacaq.

Bununla bağlı paylaşım edən klub “Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq!”, - yazaraq 9-cu çempionluğa işarə vurub.

Adətən “Qarabağ”ın matçlarına biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 5 və 10 manat təşkil edirdi.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Sabah” görüşü saat 19:00-da başlayacaq.