Daha 5 yeni müqavilə - “Keşlə”də
31.05.2021 - 11:48
Daha 5 yeni müqavilə - “Keşlə”də

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Keşlə”də daha bir neçə futbolçunun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu konkret olaraq 5 futbolçu ilə bağlı qərarını verib.

Ötən ilin yayında “Neftçi”dən icarəyə götürülən yarımmüdafiəçi Turan Vəlizadə və bu ilin əvvəlində “Sabah”dan eyni şərtlər altında heyətə cəlb edilən müdafiəçi Elçin Mustafayev növbəti mövsümü də “Keşlə”də keçirəcək. Onların icarə müddətinin uzadılması ilə bağlı klubları ilə razılıq əldə olunub.

Keçən mövsüm icarə əsasında qəsəbə təmsilçisində oynayan yarımmüdafiəçi Rafael Məhərrəmli barədə də eyni qərar verilib. Digərlərindən fərqli, 22 yaşlı cinah oyunçusunun “Qarabağ”la müqavilə müddəti bitdiyindən, “Keşlə” ilə bu dəfə azad agent statusunda sözləşmə bağlayıb.

Həmçinin veteran müdafiəçilər Rail Məlikovla Ruslan Əmircanov da karyerasını daha bir il uzatmaq qərarına gəlib. Onlarla yenidən 1 illik saziş imzalanıb. Digər arxa xətt oyunçusu İlkin Qırtımovla da bu yöndə danışıqlar davam edir.

Qeyd edək ki, Rəhman Hacıyevi “Neftçi”dən yenə icarəyə götürən “Keşlə” Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Vüsal İsgəndərli və Yevgeni Koçukla yollarını ayırıb.
 

0