“Barselona”nın müdafiəçisi Dani Alveş məşqçilər korpusunun onu Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsinə daxil etməmək qərarına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü bunu anlayışla qarşılayıb.
39 yaşlı futbolçu qərardan təəssüflənmədiyini söyləyib: “Bizim üçün nəyin yaxşı olduğuna klub qərar verir. Mən bura komandaya kömək etmək, müəyyən rəqabət, müsbət münasibət yaratmaq və özümü hazırlamaq üçün gəldim. Əlbəttə, komandada olmaq istərdim. Amma üç mövqe üçün dörd oyunçu var idi və indi kənarda durmaq növbəmdir. Bunu qəbul etməliyəm. Diqqətimi mənə verilən vəzifəni icra etməyə yönəltməliyəm. Komandaya köməyim kənarda qalmaqla dəyirsə, məmnuniyyətlə buna razıyam”.
Qeyd edək ki, “Barselona” Avropa Liqasının pley-off mərhələsində “Napoli” ilə qarşılaşacaq. İlk matç fevralın 17-də “Nou Kamp”da keçiriləcək.