Davit Volkov: “Bu, mənim üçün fərqli hisslər yaşadacaq” - MÜSAHİBƏ
11.02.2020 - 11:55
Davit Volkov: “Bu, mənim üçün fərqli hisslər yaşadacaq” - MÜSAHİBƏ

"Zirə"nin futbolçusu Davit Volkovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XVI turunda "Sumqayıt"la bacarmadı. Oyundan sonra məğlubiyyətinizi analiz etmisiz?
- Düzü, "Sumqayıt"a uduzmağımızın xüsusi səbəbi yox idi. Sadəcə iki futbolçumuzun qırmızı vərəqə alması bizi çətin duruma saldı. Yekunda da uduzduq.

- Komanda ikinci yarıda meydanda 9 nəfərlə qaldı. Rəqibdən iki nəfər az oynaya-oynaya onlardan xal alacağınıza hələ də inanırdınız, yoxsa Ağabala Ramazanovun da meydandan qovulmasından sonra ümumiyyətlə inamsızlıq yaranmışdı?
- Oyunda bir xal qazanmağımız real idi. Sadəcə bunu bacarmadıq, uduzduq.
 
- Həmin oyunda Ağabala Ramazanova qol ötürməsini verdiz. "Zirə"nin heyətində ilk rəsmi görüşdə "Sabah"a qarşı da pis çıxış etməmişdiz. Komandaya uyğunlaşdığınızı demək olar?
- Komandada mənim üçün çətin heç nə olmadı. Hər şey çox yaxşı alındı. Mən hər şeyin daha yaxşı, daha gözəl alınacağına tam inanıram. "Zirə" üçün ən yaxşısını edəcəm. 

- Qarşıdakı turda "Zirə" "Qarabağ"la qarşılaşacaq. Çempionatın liderinə qarşı görüşə hazırsınız?
- "Qarabağ" Azərbaycan çempionatının ən yaxşı komandasıdır. Buna baxmayaraq, bizim də məqsədlərimiz var. Əslində biz hər oyuna qalib gəlmək üçün çıxırıq. "Qarabağ"la görüşdə də məqsədimiz dəyişməyəcək, qələbə üçün oynayacağıq. 

- "Zirə" üçün "Qarabağ"ı məğlub etmək realdırmı?
- Əgər Zaur Həşimovun dediklərini tam yerinə yetirə bilsək, "Qarabağ"a qalib gələ bilərik.

- "Qarabağ" ardıcıl altı mövsümdür ki, ölkə çempionluğunu qazanır. Hazırda da ən yaxın izləyicisi olan "Neftçi"ni 8 xal qabaqlayır. Sizcə, bu mövsümdə də "Qarabağ" çempionluğunu elan edəcək?
- İnanmıram ki, bu mövsüm "Qarabağ" asanlıqla çempion olsun. 

- Çempionatın birinci yarısında "Zirə"yə qarşı oynamışdınız. Necə düşünürsünüz, qışa qədər olan komanda güclü idi, yoxsa hazırki kollektiviniz?
- Necə olduğunu deyə bilmərəm. "Zirə" hazırda yaxşı baş məşqçisi və futbolçuları olan güclü komandadır. Məqsədimiz var və onun üçün oynayırıq. 

- "Qəbələ"dən ayrılmamışdan "Keşlə" başda olmaqla, həm Azərbaycan, həm də başqa klublardan təklifləriniz var idi. Lakin siz "Zirə"ni seçdiz. Qərarınızda maliyyə baxımdan sərfəli müqavilənin rol oynadığını demək olar?
- Özüm seçimimi "Zirə"nin lehinə etdim. Bu komandada oynadığıma görə də şadam.

- XIX turda sabiq komandanız "Qəbələ" ilə oynayacaqsız. Bu matç sizin üçün xüsusi olacaq? Necə fikirləşirsiniz, rəqib azarkeşlər sizi sevgi ilə qarşılaya bilərlər?
- "Qəbələ"yə qarşı oynamaq mənim üçün fərqli hisslər yaşadacaq. Amma mən bu klubda olan hər kəsə hörmətlə yanaşıram. "Qəbələ" yaxşı insanların toplaşdığı yaxşı komandadır. 

- "Qəbələ"də özünüzü yaxşı tərəfdən göstərsəniz belə, Gürcüstan millisindən dəvət almırdınız. Bu mənada, "Zirə" sizin üçün düşərli ola bilər?
- Gürcüstan millisinə dəvət almaq üçün klubunda stabil oynamağın lazımdır. Üstəlik, qollar vurmaq gərəkdir. İnanıram ki, "Zirə"dən milliyə dəvət alaram.