“Zirə”nin hücumçusu Davit Volkovun apasport.az saytına müsahibəsi
- Koronavirus epidemiyası səbəbindən məşqlər təxirə salınıb. Günü necə keçirirsiniz, nə işlə məşğul olursunuz?
- Bəli, məşqlərimiz təxirə salınıb. Sadəcə evdə otururam. Amma fərdi məşqlərimi də edirəm.
- “Zirə” yenicə öz oyununu tapırdı ki, Premyer Liqa təxirə salındı. Təqvimə əsasən komanda iki gün əvvəl “Neftçi” ilə qarşılaşmalı idi. Matçların dayandırılması sizə necə təsir etdi?
- Hazırki fasilənin olması komandamız üçün pisdir. Çünki biz artıq baş məşqçinin istədiyi kimi oynamağa başlayırdıq. Amma vəziyyət belədir.
- Koronavirusdan özünüzü necə qoruyursunuz?
- Belə deyim də, bütün günü evdə otururam, çox yerə getmirəm. Bununla yanaşı, ümid edirəm ki, bütün dünyada hər şey yaxşı olacaq.
- Gürcüstanda da koronavirusa yoluxanlar aşkar edilib. Doğma ölkənə qayıtmaq haqda düşünürsünüz, yoxsa Bakıda qalacaqsınız?
- Əslində Gürcüstanda da eyni vəziyyətdir. Hazırda oraya getmək haqda fikirləşmirəm.
- Gürcüstandan söz düşmüşkən, bu ay sizin ölkə futbolu üçün önəmli aylardan idi. Çünki komanda Millətlər Liqasının final mərhələsində uğurlu çıxış edərək Avropa çempionatına vəsiqə qazana bilərdiz. Lakin böyük ehtimalla oyunlar təxirə salınacaq.
- Yaxşı ki, oyunlar təxirə salındı. Çünki azarkeşsiz oynamaq yaxşı deyil. Bu matçı Gürcüstanda hamı gözləyir. Ona görə ki, bu oyunlar ölkəmizdə hamı üçün böyük önəm kəsb edir.
- Avropanın əksər ölkələrində çempionatlar təxirə salınıb. İngiltərədə hətta çempionluğun “Liverpul”a verilməsi ehtimal edilir. Bu Azərbaycanda da tətbiq edilərsə, çempionluq “Qarabağ”a veriləcək. Buna münasibətiniz necədir?
- Hər şey gedişatdan asılıdır. Əlbəttə ki, bu vəziyyət futbol üçün də çox pisdir. İndi heç kəs hansı komandanın çempion olacağı haqda heç fikirləşmir.
- Hər halda hazırki vəziyyətdə mövsümün başa çatdırılması “Zirə”yə də sərf etməz. Çünki hazırki mövqeyiniz avrokuboklara vəsiqə verən yerlərdən biri deyil...
- Premyer Liqa qaldığı yerdən davam etsə əla olar. Amma hazırda hamı koronavirusun qarşısının alınması barədə fikirləşməlidir.