“Neftçi” – “Zirə” oyununda intizamsızlıq edənlər cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Komitə Azərbaycan Premyer Liqasının XXI turunun matçında baş verənləri müzakirə edib. “Neftçi” klubunun futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 200 manat ziyana salıb.
“Zirə”nin futbolçularının cəzası daha ağır olub. İkinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir edən Coşqun Diniyev 3 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb. Onun klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
Bu görüşü ehtiyat oyunçular skamyasında keçirən Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Zirə” daha 1600 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib. 6 futbolçusu sarı vərəqə alan qəsəbə klubu 800 manat da ödəməli olacaq.