Elmar Baxşıyev: “O, "Qəbələ"yə böyük ümidlərlə gətirilib” - MÜSAHİBƏ
14.01.2020 - 15:41
Elmar Baxşıyev: “O, "Qəbələ"yə böyük ümidlərlə gətirilib” - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- "Qəbələ"nin Türkiyə toplanışı davam edir. Ümumi toplanış haqda fikriniz necədir?
- Məşqlərimiz normal şəkildə davam edir. Bu gün yoxlama oyunumuz da var. Əslində komanda yanvarın 4-dən məşqlərə başlayıb. Yanvarın 10-da MOİK-lə Bakıda yoxlama oyunu keçirib, ardınca Türkiyəyə gəlmişik. Burada da məşqlərimiz davam edir.

- Komanda bu gün Macarıstanım MTK klubu ilə yoxlama görüşü keçirəcək. Rəqiblərin seçimi özünüzü razı salıb, yoxsa necə?
- Məncə, seçdiyimiz rəqiblər normaldır. Bizi əsas düşündürən komandanın oyun ritminə qayıtması və xətlər arası əlaqəni daha yaxşı duruma gətirməkdir. Bizim üçün vacib olan komandanın qarşıdakı oyunu, bir də hər matçda inkişaf etməsidir. 

- İbrahim Niassenin Yunanıstana yollanacağı deyilirdi. Onun məsələsi nə yerdədir?
- O, hələ ki, komandaya qoşulmayıb. Özü ilə də danışmışıq. Şəxsi problemləri var. Onları yoluna qoyandan sonra komandaya qoşulacağı gözlənilir. 

- Komandanızın güclənməsi üçün çox transferə ehtiyacınız var?
 - Hər bir klubun güclənməyə və yenilənməyə ehtiyacı var. "Qəbələ"nin də həmçinin. Əslində iki mövqeyimizi gücləndirə bilsək, yaxşı olardı. Bu da rəqabətin, inkişafın artması deməkdir. 

- Legionerlərdən yalnız Davit Volkovun gedişinə mane ola bilmədiniz. Yoxsa hələ də kimisə komandada saxlaya bilməmək təhlükəsi qalıb?
- Hələ ki, Volkov komandanı rəsmən tərk edən futbolçudur. Əlbəttə ki, komandanın liderlərini saxlamaq vacibdir. Biz də bunun üçün çalışırıq. 

- Yayda transfer edilən Kristian Kuaku özünü  göstərə bilmədi. Onu necə, saxlayıb daha altı ay şans vermək fikriniz var, yoxsa başqa legioner forvard gətirəcəksiniz?
- Kristian "Qəbələ"yə böyük ümidlərlə gətirilib. Onun ehtiyatda qalması əlbəttə ki, bizi də razı salmır. O, komandaya öz faydasını verməlidir. 

- Tez-tez mətbuata açıqlamasında "Qəbələ"nin sabiq kapitanı Dodo geri qayıtmağa hazır olduğunu bildirir. Komandanın Dodoya ehtiyacı var? Elvin Məmmədovun "Qəbələ"yə keçidi nə dərəcədə realdır?
- Biz həm yerli, həm də əcnəbi futbolçuları nəzərdən keçiririk. Komandamıza və büdcəmizə uyğun oyunçu tapsaq, həmin oyunçunu komandamıza dəvət edəcəyik. 

- "Qəbələ" hazırda turnir cədvəlinin yeddinci pilləsindədir, ölkə kubokunda yarımfinala adlamısınız. Turnir cədvəlində yüksəlməyiniz realdır?
- Biz çempionat və kuboku bir-birindən ayırmırıq. Hər turnirdə komandanın maksimum irəli getməsi üçün kökləyəcəyik. "Qəbələ"nin bunun üçün gücü və potensialı da var.
 

0
Elmar Baxşıyev Qəbələ toplanış