Elmar Baxşıyev: “Qara zolağa düşməmişik”
03.04.2022 - 16:57
Elmar Baxşıyev: “Qara zolağa düşməmişik”

“Oyunun belə ağır keçəcəyini öncədən bilirdik. Həm çox erkən oynayırdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O, Premyer Liqanın XXI turunun “Keşlə” ilə oyunu barədə fikirlərini (1:1) matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlayıb: “Hər iki komanda üçün ağır idi. Biz meydandan kənarda dayansaq da, istini hiss edirdik. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alıb, oyun vaxtını futbolçulara uyğun təyin edərlər. Oyuna gəlincə, iki fərqli hissə gördük. İlk yarıda daha çox “Keşlə” üstünlüyə sahib idi. İkincidə komandamız tempi artıra bildi və çoxsaylı epizodlar yaratdıq. Təəssüflər olsun ki, yararlana bilmədik. Ümumi götürəndə komandanın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalı futbolçular komandaya qoşulandan sonra daha da optimal heyətə sahib çıxacağıq.

- Komandanın oyunundan razı qaldızmı? Tempi saxlaya bilməməyin səbəbi nədir?
- Ümumilikdə nüansları nəzərə alsaq, optimal heyətlə oynamırıq. Bir matçda İsnik, digərində Ruan olmur. Fernan da yoxdur. Bu, bizə təsir edir. Digər komandalara təsir etməyə bilər. Çünki ehtiyat futbolçuları çoxdur. Bizim üçün hər oyunçu dəyərdir. Əgər qara zolaqda olduğumuzu düşünürsüzsə, oyun ərzində 10 epizod yaradan komanda "qara zolaq"da ola bilməz. Hansıa konsentrasiyanın itməsi üzündən həmin epizodları dəyərləndirməkdə çətinlik çəkirik. Komanda olaraq futbolçuların yanaşnması qane edir. İnanıram ki, daha artığını edə biləcək gücdəyik.

- İlk hissədə hər iki komandanın aşağı tempdə oynamağı hava ilə bağlayırsız?
- Futbolçular da insandır. Onlara da çətindir. Mən kənarda belə kölgə axtarırdımsa, görün meydançadakılar necə əziyyət çəkirdilər. Yəqin ki, növbəti matçlarda nəzərə alınar.