“Oyunun əhəmiyyətini dərk edirdik. Bizi ağır mübarizə gözlədiyini bilirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.
Qəbələ şəhər stadionunda güclü qar səbəbindən dünən 65, bu gün isə qalan 25 dəqiqəsi keçirilən görüşdə qolsuz bərabərlik qeydə alınıb.
Baxşıyev qarşılaşmadan sonra fikrini bu sözlərlə davam etdirib: “Komandamın çıxışından razıyam. İstədiyimi meydançada gördüm. Futbolçularımız daim hücumda olmağa çalışırdı, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Ümumi götürdükdə hər iki komandanı 1 xal da razı sala bilər. Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır”.
Qeyd edək ki, “Qəbələ” növbəti turda martın 18-də “Neftçi”nin qonağı olacaq.