Elxan Məmmədov Qurban Qurbanovdan danışdı
08.04.2022 - 09:34
Elxan Məmmədov Qurban Qurbanovdan danışdı

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri olan Məmmədov tədbirə videokonfrans formatında qoşulub.

O, rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. O, məruzədə digər məsələlərlə yanaşı, Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyunundan danışıb. Məmmədov həmin matçda qeydə alınmış feyr-pley hadisəsini, baş məşqçi Qurban Qurbanovun addımını xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.