Rusiyanın bütün beynəlxalq yarışlardan kənarlaşdırılması Çempionlar Liqasındakı klub bölgüsünə də təsir edəcək.
Apasport.az saytının məlumatına görə, mövsümün startına qədər FİFA və UEFA sanksiyaları ləğv edilməsi, şimal qonşularımızın çempionu ilə vitse-çempionu qitənin ən nüfuzlu klub turnirindən kənarda qalacaq.
Premyer Liqanın qalibi birbaşa qrupdan, gümüş mükafatçı qeyri-çempionlar yolunun III təsnifat mərhələsindən yarışa qatılmalı idi. Bu iki klubun kənar qalması bir sıra ölkələrin təmsilçiləri üçün dəyişikliyə səbəb olacaq.
Çempionlar Liqasının qrupuna birbaşa vəsiqə Şotlandiya çempionuna veriləcək. Britaniyalıların pley-offdakı yeri isə Türkiyə çempionuna veriləcək. Qardaş ölkə təmsilçisi də III deyil, pley-offdan yarışa qatılacaq.
II təsnifatdan yarışa qatılmalı olan Kipr çempionu bir mərhələ gec başlayacaq. Əvəzində Xorvatiya və Çexiya təmsilçiləri ilk raunddan azad olacaq. Onlar II təsnifatdan yarışa qatılacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatının lideri və favoritidir. Bu üzdən qazanan tərəf futbolçumuz və komandası olacaq.
Bu dəyişikliklər qeyri-çempionlar yoluna da təsir edəcək. Avstriya və Şotlandiyanın gümüş mükafatçısı II deyil, III təsnifata vəsiqə qazanacaq.