Azərbaycan Premyer Liqasında qış fasiləsi ötən həftəsonu keçirilən oyunlarla başa çatdı.
Apasport.az saytının məlumatına görə, yeni ilin ilk matçları turnir cədvəlində də yerdəyişmələrə səbəb oldu.
Çempionluq hədəfi ilə mövsümə başlayan "Neftçi" "Sumqayıt" önündə büdrəyərək, ikinciliyi də əldən verdi. "Keşlə" və "Zirə" turu qələbə ilə başa vurmaqla turnir cədvəlində bir pillə irəlilədilər. Paytaxt klubları artıq müvafiq olaraq 2-ci və 4-cü yerlərdə qərarlaşırlar. "Sabah" heyətini gücləndirməsinə baxmayaraq, autsayderlər zonasında uzaqlaşa bilmədi. "Qarabağ" isə çətin qələbə sayəsində liderliyini bir qədər də möhkəmlətdi.
Yenilənmiş "Zirə"yə qarşı yanlış taktika
Qış transfer dönəminin ən fəal iki komandasının yeni ilin ilk rəsmi matçındaca üz-üzə gəlməsini həm "Zirə", həm də "Sabah" üçün bəxtsizlik saymaq olardı. Çünki ikinci yarıya ən yüksək motivasiya və həvəslə başlayan klublar qarşılaşırdı. "Zirə"nin qış transfer dönəmində heyətinə qatdığı 6 oyunçudan 5-i start heyətində yer almışdı. Əks düşərgədə bu hal yaşanmasa da, oyun ərzində 4 yeni transferin hamısına şans verildi. Meydan sahiblərinin yeni hücum "trio"sunu qonaqların necə dayandıracağı maraqla gözlənilirdi.
Heyətin az qala yarısı dəyişməsinə baxmayaraq, "Zirə" təkcə nəticə deyil, oyun baxımından da rəqibini üstələməyi bacardı. Düzdür, "Sabah" müdafiəyə çəkilib, əks-hücum taktikası seçmədi. Bəlkə də, elə bu, komandanı məğlubiyyətə sürüklədi. Çünki ev sahiblərinin ön xətt üzvlərı məhz açıq futbol oynayan rəqibləri cəzalandırmaq üçün münasibdir. Vurulan hər iki qol da bunu bir daha göstərdi. Xüsusən də, ilk topda qurulmuş gözəl kombinasiya göz oxşadı. Matçda hesab daha böyük ola bilərdi. Zirəlilər rəqib müdafiəsini istədikləri vaxt asanlıqla yarsalar da, ələ düşən şansları dəyərləndirə bilmədilər. "Sabah"da isə nə geri qaytarılan Marko Deviçin, nə komandada saxlanılan Amadu Diallonun, nə də "Zirə"dən yenicə gətirilən Xulio Sezar Rodrigesin yarımmüdafiə xətti ilə anlaşması istənilən səviyyədə idi.
Böyük hesab əvəzinə bərabərlik
Gözlənilmədən Roberto Bordini göndərib, Füzuli Məmmədova etimad göstərən "Neftçi" yeni ilin ilk turunda mövsümün ilk yarısındakı çıxışı ilə hər kəsi təəccübləndirən və bu performansı ikinci yarıya da daşımağı bacaran "Sumqayıt"la qarşılaşırdı. Ayxan Abbasov yenə 5-li müdafiə sistemini seçmişdi, ancaq matçın gedişində taktiki düzülüş topla və topsuz davranışa görə dəyişirdi. Şəhriyar Əliyev və Vüqar Mustafayevin yoxluğu qonaqlar üçün ciddi itki olsa da, bu, yalnız görüşün əvvəllərində özünü büruzə verdi. "Sumqayıt"ın müdafiədə ani diqqətsiz oyunu "Neftçi"nin ilk dəqiqələrdə təhlükəli vəziyyətlər yaratmasına səbəb oldu. Ancaq "gənclik şəhəri" təmsilçisi orta sahədəki oyunçuları sayəsində tezliklə nəzarəti ələ keçirdilər. Birinci hissənin sonlarında Vojislav Stankoviçin ehtiyatsız davranışı həm meydandan qovulması, həm də "Neftçi"nin qol buraxması ilə nəticələndi.
Qonaqlar azlıqda qalan rəqibi önündə ikinci hissədə meydanda çox rahat idilər. "Neftçi"nin müdafiəsini yarmaq, qol vəziyyətləri yaratmaq su içmək kimi bir şey idi. Amma "gənclik şəhəri" təmsilçisi önünə qoyulan həmin "suyu içməkdən" imtina etdilər. Dəqiqələr keçdikcə Aleksey İsayev və Rəhim Sadıxovun yorulması sumqayıtlıların tempi yüksək tutmalarına mane olurdu. Üstəlik, hücumçular da ələ düşən imkanları sağa-sola xərcləməklə seçilirdilər. Ancaq nədənsə, baş məşqçi heç bir dəyişikliyə ehtiyac duymurdu. Meydan sahiblərinin çalışdırıcısı isə azlıqda qalmalarına baxmayaraq, qapıya daha yaxın olan oyunçuları meydana buraxdı, yenilgi ilə razılaşmadığını göstərdi. "Sumqayıt" futbolçularının da arxayınlığı həlledici oldu və 72-ci dəqiqədə "Neftçi" onları cəzalandırdı. Doğrudur, qolun müəllifi olan Baqali Dabo ötürmə anında ofsaydda idi. Ancaq istənilən halda matçın gedişi qonaqların bu cəzanı çəkəcəklərindən xəbər verirdi. Yalnız hesab bərabərləşdikdən sonra Ayxan Abbasov ardıcıl əvəzləmələrlə hücumu gücləndirməyə çalışdı. Amma gec idi. Beləliklə, "Sumqayıt" böyük hesabla qalib gəlməli olduğu görüşdə 1 xalla kifayətləndi.
"Keşlə"nin qorxduğu başına gəlmədi
Turun paytaxtdan kənarda keçirilən yeganə görüşündə "Qəbələ" "Keşlə"ni qəbul edirdi. Bir gün əvvəl "Neftçi"nin büdrəməsi "Keşlə"yə ikinci pilləyə yüksəlmək şansı yaratmışdı. "Qəbələ" isə 1 xalla 6-cı yerə qalxa bilərdi. "Qırmızı-qaralar"da yenidən qaytarılan Ehtiram Şahverdiyevi nəzərə almasaq, komandalar meydana mövsümün ilk yarısındakı heyətlə çıxmışdılar. Bu oyun ilk iki matçdan fərqli alındı. Tərəflər daha çox topa sahib olmaq, dominantlıq etmək arzusunda idilər. Ancaq həm tempin aşağı olması, həm də orta sahədə çoxlu top itkiləri baxımlı oyuna mane olurdu. Təsadüfi deyil ki, hesab açılana qədər qapılar qarşısında təhlükəli vəziyyət yaranmırdı. Hissənin sonlarına yaxın irəlidə təzyiqi artıran "Keşlə" nəinki hesabı açdı, hətta fasiləyə 2 top fərqilə öndə yollandı. Meydan sahiblərinin ani diqqətsizliyi və bir neçə dəqiqəlik oyun sistemindən qopması ardıcıl qollara və məğlubiyyətə səbəb oldu. İki qolun arasında Ehtiram Şahverdiyevin qapıçı ilə təkbətək şansı qaçırması, bəlkə də, görüşün taleyini həll etdi. Çünki belə oyunlarda qol imkanları məhdud sayda olur və bunlardan yararlanan qalib gəlir.
"Qəbələ" fərqi minimuma endirdiyi 60-cı dəqiqəyə qədər rəqib müdafiəsini asanlıqla yara bilirdi. Hətta 2 qol imkanı da qaçırıldı. Ancaq nədənsə hesab 1:2 olduqdan sonra komanda artıq kor-koranə hücumlar etməyə başladı. Son yarım saatda isə "Keşlə" oyunçuları ardıcıl qol şanslarını dəyərləndirə bilmədilər. Amma "Sumqayıt"dan fərqli olaraq, "Keşlə"nin qorxduğu başına gəlmədi, Tərlan Əhmədovun kollektivi çətin qələbə ilə 2-ci pilləyə yüksəldi.
Essyen əvəzləndi, sensasiya şansı əldən çıxdı
Turun son oyunu autsayderlə liderin dueli oldu. Açığı, "Qarabağ"ın səfərdə çıxış etməsinə baxmayaraq, "Səbail"i asanlıqla məğlub edəcəyi düşünülürdü. Üstəlik, bir gün əvvəl "Neftçi"nin büdrəməsi də Ağdam təmsilçisi üçün əlavə motivasiya idi. "Səbail"də diqqətçəkən məqamlar yeni transferlər Peyman Keşavarz və Rauf Əliyevin, eyni zamanda Maykl Essyenin start heyətində meydana çıxması idi. Üstəlik, bakılıların yeni "10 nömrə"si Essyen dünən nömrəyə uyğun - pleymeyker funksiyasını daşıyırdı. "Qarabağ"da isə Ovusu Kvabena görünür hələ hazır deyil.
5-li müdafiə sistemindən yararlanan Aftandil Hacıyev rəqibi yaxşı təhlil edə bilmişdi. Çünki son çempion rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkirdi. Uzaq məsafədən zərbələrdə isə Aleksandr Rıbkanı məyus etmək mümkün deyildi. Ev sahibləri hücumu ikinci planda tutsalar da, topa sahib olan kimi, sürətlə çıxmağa çalışırdılar. Oyun sona yaxınlaşdıqca "Səbail"in müqaviməti də artırdı. Ancaq Essyenin əvəzlənməsi hər şeyi dəyişdi. Onun əvəzinə oyuna qoşulan Hendrik Eştyenin müdafiəyə köməyi qanalı qədər olmadığından, "Qarabağ" son dəqiqələrdə hücumlar qurmaqda çətinlik çəkmirdi. Bunun da nəticəsində 81-ci dəqiqədə müdafiəçilərin heç cür uzaqlaşdıra bilmədiyi top yekunda tora düşdü. Bu çətin qələbə isə "Qarabağ"ı çempionluğa bir addım da yaxınlaşdırdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı